Əsas məzmuna keç

Qoşma

Olmaz

Aşıq Ələsgər

1

Qabiliyyətdə, mərifətdə, kamalda, Bu cahanda sənin kimi can olmaz. Camalını görən tapar imanı, Görüb ayrı düşən müsəlman olmaz.

Səni görən aşıq düşməz həvəsdən, Əl götürməz bu söhbətdən, bu bəsdən. Müxtəsəri, meylin dönsə hər kəsdən, Gözündə nur, cəsədində qan olmaz.

Qüdrətdən çəkilib qaməti-şahbaz, Sən gələn yollara üzüm payəndaz. Mən ölüm, aç üzün, çox eyləmə naz; Göz gözə baxmasa, mehriban olmaz.

Gözəlliyin haqq isbata yetirib, Əsmər yanağında güllər bitirib, Züleyxa təmkini səndən götürüb, Sən sifətdə mələk, nə qılman olmaz.

Ələsgərəm, eşq oduna sarışdım, Firqətindən yandım, yandım alışdım, Gizlin dərdim mən Loğmana danışdım; Sənsiz bu dərdimə heç dərman olmaz.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.