Əsas məzmuna keç

Qoşma

Olmaz

Zəlimxan Yaqub

1

Azərbaycan torpağına heyranam, Ondan ayrı bir sevincim beş olmaz. Öz elini, obasını duyanda, Hansı ürək havalanıb quş olmaz?

Üzə gülər düzü, dağı, meşəsi, Qaynar bulaq ömrün, günün nəşəsi. Havalanıb uçmaq olar peşəsi, Belə yerdə könül dərdə tuş olmaz.

Qoy yandırsın gözlərində gur çıraq, Könül, Vətən dağlarına yaxşı bax. Belə yerdə kilidlənən dil, dodaq, Belə yerdə düyünlənən qaş olmaz.

Dəniz gördüm, gəl qoynumda üz, dedi, Zirvə gördüm, sal sinəmdə iz, dedi. İnsan gördüm, yaşım olub yüz, dedi, Bundan gözəl dövran olmaz, yaş olmaz.

Yaz gülünü, qış qarını sevməyən, Kəpəzini, Qoşqarını sevməyən, Bu torpağın vüqarını sevməyən, El içində uca olmaz, baş olmaz.

Uzaq-uzaq mənzilləri haqladım, Təmiz eşqi başdan uca saxladım. Min el gəzdim, min bir çiçək qoxladım, Burdan əziz torpaq olmaz, daş olmaz.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.