Ölləm
Aran da, yaylaq da doğmadır mənə, Qəlbimi dağlara verməsəm, ölləm. Yazda çiyələyi, yayda yarpızı, Payızda moruğu dərməsəm, ölləm.
Hər kimin qar düşsə yayda yadına, Vüqarlı zirvələr çatar dadına. Bizim o dağların ölməz adına, Şeirdən bir çələng hörməsəm, ölləm.
Könül oylağından qalsa uzaqda, Donar nəğmələrim dildə, dodaqda, Lökün dərəsində, Ballı bulaqda, Vaxtında bir süfrə sərməsəm, ölləm.
Barmağı pərdədə, mizrabı teldə, Turacı meşədə, sonası göldə, Kəkliyi qayada, ceyranı çöldə, Qartalı zirvədə görməsəm, ölləm.