Öldürür
Dərdim çoxdu, dindirməyin həzarat! Məni bir alagöz ceyran öldürür. Qılıncsız, tüfəngsiz alır canımı, Kimsə bilmir, pünhan-pünhan öldürür.
Heç bilmirəm neyləmişəm, neylərəm, Xəncər alıb, qara bağrım teylərəm, Bir canım var, yara qurban eylərəm, El desin: "Aşiq də qurban öldürür".
Ələsgərəm, bir gözələ mehmanam, Ölməyincə çətin dönəm, usanam, Əzrayılı qanlı tutmasın anam, Məni bir kirpiyi peykan öldürür.