Öldüm xədəngi həsrəti ilə onun, aman
Öldüm xədəngi həsrəti ilə onun, aman, Gecikmə, yardan mənə ox çatdır, ey kəman.
“Can” kəlməsində ortadakı tək əlif kimi, Daim xədəngi arzusunu bəsləyir bu can.
Ey nazü qəmzəsilə vuran yüz cəfa oxu, Qəlb ilə canıma gah açıqdan, gah nihan.
Qəddinlə gözlərindən o tə’lim aldımı Kim, dilrüba olubdur oxun, həm də dilsitan?
Can aldı hər yerə ki, toxundu gözün kimi, Qəlb ovladı qəddin tək olanda oxun rəvan.
Layiq deyil rəqibinin o daş qəlbi tirinə, Daşdan ziyan görər, oxunu etmə imtəhan!
Hərdən ox atmağa həvəsin gəlsə, ey nigar, Torpaq olan cismimi al daima nişan!
Düzlükdə can kimi var idi ortada səbəb, Ülfət tapıb qədinlə oxun oldu mehriban.
Əyri kəman da başladı rəsmi-rəqabəti, Dərk etdi zövqi-vəsli-xədəngini nagəhan.
Baş qoydu çün qulağına, ahəstə söylədi Bu biqərar aşiqin həqqində min yalan.
Səndən ayırdı, saldı qara torpağa oxu, Tab etmədi kəman gücünə zarü natəvan.
Qaldırdın iltifat ilə torpaqdan ol oxu, Layiqdir eyləsə oxuna qibtə asiman.
Hər ləhzə istəsə öpər o incə əlləri, Mən kimi açmasın necə dil şükrə durmadan?
Gəldin kəman xanəsinə bir hilal tək, Aşiqlərin gödəldi ömür günləri yaman.
Mə’lumdur günəş gödələr ol zəman kim, Qanun ilə günəş edər öz qövsini kəman.
Vəslin səadətini edib mən tək arizu, Olmuş kəman qəddi xəmidə uzun zaman.
Çillə qurub, əziyyətə dözdü, zəiflədi, Cismində qaldı bircə dəri, bir də üstixan.
Qıldın onu əziyyətə dözməkdə imtəhan, Axirdə çatdı vəslinə, sə’y ilə qoydu can.
Saldı çəkə-çəkə onu şövqi-məhəbbətin, Tab etməyib məşəqqətinə, qıldı yüz fəğan.
Məndən səvay cövrinə, ey yar, kim dözər? Artır cəfani gəlsə əlindən mənə hər an.
Ey sərv, söylə, hansı çəməndə boy atmısan? Heç bağ içində sən kimi bir sərv yox, inan!
Guya imam gülşəninin növnəhalisən, Olmuş baban o şahi-Nəcəf, miri-insü can.
Mö’münlərin böyük ağası kim, onun üçün Tə’sis olundu, gəldi vücudə bütün cəhan.
Məzhər odur səxavətə kövnü məkanidə, Mən acizəm söz ilə edəm lütfünü bəyan.
Varlıq qonaq evində kəmali-səxavəti, Xas ilə amə süfrə açıb, etdi mihiman.
Qoydu rəsul çiyninə ol padişah qədəm, Oldu o şə’n sahibinə ərş asitan.
Mövla Əli ki, saqiyi-kövsərdir, həm vəli, Vermiş iki cahanda bizə qüssədən aman.
Dünyadə, axirətdə onun lütfü hər kəsin Zamin olub səadətinə, söz verib aman.
Adəm bahari-qürbidə bir cürm işlədi, Yetdi behişt bağında baharinə çün xəzan.
Oldu pənahgahi Nəcəf, qürbi-Mürtəza, Verdi nəcat qəmdən ona bu yeni məkan.
Tərk etdi cənnəti, Nəcəfi qıldı ixtiyar, Çün gördü bu məqamə özü rəşk edər cinan.
Məhrum edərmi bir ağa övladi-Adəmi Kim, lütfü Adəmin özünü qıldı kamiran?
Yerdən rəvaqi-ərşə qədər Düldülün sənin, Peyğəmbərin Büraqi ilə getdi həminan.
Birlikdə məhdi-fe’lə gələr bətni-qüvvədən, Həqqin rizası ilə sənin hökmün hər zaman.
Düşmənlər anlamazsa sənin qövlini əgər, Tə’yin qıl qılıncını bu işdə tərcüman.
Bir gizli hikməti var idi xilqətin əgər, Qıldın o əsli-məqsədi sən aləmə əyan.
Məqsəd bu idi kim, atasan rəmzi qeybdən, Agah olaydı sirri-xudadən bütün cəhan.
Həqqin vücudinə var idi bir güman əgər, Oldu yəqin cəhanə vücudunla bu güman.
Mə’dən qızıl, dəniz nə qədər inci versə də, Nə qəlbinə dəniz tay olar, nə əlinə kan.
Qəlbin qədər dəniz nə zəman inci bəxş edib, Mə’dən əlin qədər qızıl ehsan edib haçan?
Dostluq mətaini alaraq bir nəfər əgər Bazari-axirətdə bina qılsa bir dükan.
Bənd olmayıb ucuz sata gər öz mətaini, Naçiz qiyməti sayılar rövzeyi-cinan.
Ulduzları fələkdə sapa düzdüyü zaman, Dostluq telindən eşdi qəza incə risiman.
Düşmənlərin cəzası cəhənnəm əzabidir, Cənnətdə dostların olacaq cümlə şadiman.
E’cazının şükufəsi Səlman gülü olub, Agahdır kəramətinə pir, həm cəvan.
Şahin ilə göyərçinin əsrari səndədir, Hər dildə vəsfini edər əhli-cəhan bəyan.
Peyğəmbər elminin şəhərinə qapı ikən, Doqquz fələk qapında olub xaki-asitan.
Ey padişəh, kiçik quluyam asitanının, Yurdum qapındır, eyləmərəm tərki-xaniman.
Bak etmərəm, günahım əgər saysız olsa da, Vardır ümid lütfünə, ey şahi-insü can.
Ya Rəb, budur cahanda mənim arzum, istəyim, Qəlbim səfa tapar, dilimə söz olar rəvan.
Bundan daha ziyadə Füzuliyi-zar ola, Övladi-paki-Heydəri-kərrarə mədhxan.
* * *
Lüğət: Xədəngi – xunriz – qantökən ox; Can – ruh, bədən; Xədəng – möhkəm ağacdan qayrılmış ox; Rəvan – gedən; axan; ruh; Nigar – şəkil; gözəl; Tab – taqət; işıq; qıvrım; Natəvan – gücsüz, zəif; Dil – ürək; Hilal – yeni çıxmış ay; Ariz – yanaq; Xəmidə – əyilmiş, bükülmüş; Məzhər – bir şeyin zahid olduğu yer; Kövn – dünya; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Qürb – yaxınlıq; Cinan – cənnət; Məhd – beşik; Qövl – söz; Dəni – alçaq; Kan – mədən yeri; Şükufə – çiçək; Əsrari – nihan – gizli sirlər; Əhli – raz – sirr əhli, sirdaş; Xaki – tirə – qara torpaq; Bak – qorxu; Zar – sızıldayan, ağlar, zəif