Əsas məzmuna keç

Qoşma

Olar

Zəlimxan Yaqub

1

Nə desə insanın öz əlindədir, İnam da, güman da yaratmaq olar. Gülüşlə Günəşə meydan oxumaq, Nalədən duman da yaratmaq olar.

Yamandı dad çəkib, haray eyləmək, Zülmün bir gününü bir ay eyləmək. Zindanı çevirib saray eyləmək, Sarayda zindan da yaratmaq olar.

Yaxınlar yad olar, doğmalar qərib, Arxa da çevirər, kim sinə gərib. Dostun ürəyini qana döndərib, Düşmənə dövran da yaratmaq olar.

Qayalı sahili parçalar, yeyər, Hirsindən başını daşlara döyər. Nəğmə də oxuyar, şeir də deyər, Dənizdə tufan da yaratmaq olar.

Göz nəyi seçir ki, qaralanda qan, Yandırar aləmi alışanda can. Ümmana göl deyib, gözdən salarsan, Damlada ümman da yaratmaq olar.

Sirri batırmaq da, faş eyləmək də, Gözü güldürmək də, yaş eyləmək də, İnsanı qurudub daş eyləmək də, Qayadan insan da yaratmaq olar.

1977, 17 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.