Olar
Ürəyin sazdırsa, sazı gözləmə, Telsiz, təzənəsiz dil açmaq olar. Qəlbində yaz varsa, yazı gözləmə, Qışın ortasında gül açmaq olar.
Anlasan dilini odun-ocağın, Duysan nəfəsini doğma torpağın, Elə genişlənər qoynun, qucağın, Gəl deyib dağlara qol açmaq olar.
Ona arxalandın ər oğlu, ərsən, Əllərin sevinər barını dərsən. Nə qədər torpağı yaxşı becərsən, O qədər süfrəni bol açmaq olar.
Dağılmaz, pozulmaz nizamın olsa, Özüllü, mayalı ilhamın olsa, Daşı mum eyləyən inamın olsa, Daşın da qəlbinə yol açmaq olar.