Olacaqdı
Dedim: könül, içmə eşqin camını, İçsən, dünya sənə dar olacaqdı. Ya dost olma, ya zəhmətdən incimə, Dost yolunda boran-qar olacaqdı.
Aldanma dövlətə, uyma dünyaya, Halaldan kəsb eylə özünə maya. Zinakar, haramxor yetişməz baya, Dosta xain baxan kor olacaqdı.
Sərgərdan qalmışam mən bu hesaba, Fələk qurğusuna əhsən, mərhəba! Növrəstə gözəllər tapmasın hava, Qönçənin həmdəmi xar olacaqdı.
Hesabdarlar gələr çəkər hesabı, Günahkarlar necə gətirər tabı, Mizan, sirat, sual, qəbir əzabı- Bu işlər qabaqda var, olacaqdı.
Ələsgər, bilirsən qüdrətin sirin, Zülmətə işıq var, acıya-şirin. Zikr eylə dilində mərdlərin pirin, Qorxma, dar günündə yar olacaqdı.