Əsas məzmuna keç

Qoşma

Ola bilməz

Aşıq Ələsgər

1

Sərraf yüz bəzəsə səngi-siyahı, Üzdən mütəlladı, ləl ola bilməz. Məkəs fəğan eylər zənbur sövtilə, Künhü yox, fəmində bal ola bilməz.

Qafil olma, dilm, düşmə həvəsdən, Hərcayı sözüylə incimə dostdan, Muşlar pələng olmaz, tülkülər aslan Danalar meydanda kəl ola bilməz.

Ustad dərin, kamal dərin, söz dərin, Qoydun sinəm üstə eşqin közlərin. Qabiliyyətsiz, mərifətsiz qızların Yüzü bir dərdimənd dul ola bilməz.

Müddətdi həsrətəm camalın görəm, Mətləbimi mürtəzadan dilərəm. Müxənnəsdə səxa, nakəsdə kərəm, Namərdin cibində pul ola bilməz

Könül, doğru yoldan gəl olma kənar, Əyri yola gedən bir gün utanar. Bu bir müəmmadı, ariflər qanar, Nadan bu elmidən hal ola bilməz.

Ələsgərəm, cəm eylərəm dəftəri, Mərdlərin vəsfidi dilim əzbəri. Naxçıvan xanları, Şəril bəyləri Səxada Səmədə qul ola bilməz.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.