Ola
Hər yetən gözələ "gözəl" demərəm, Gözəldə gərəkdi işvə-naz ola. Buxağından ətri-bənövşə gələ, Qoynu gülşən ola, bahar, yaz ola.
Hər görəndə həsrət ilə sarışa, Deyə-gülə şirin-şirin danışa, Əl dəyəndə tez-tez küsə, barışa, Ortalıqda söhbət ola, saz ola.
Nə uzun, nə gödək - münasib gərək, Ağzı, burnu nazik, dodaq kip gərək, Əndam büllur, bədən güldən saf gərək, Baxtım vura, bu nişanda qız ola.
Ərdən boşanmışdan bir az kənar dur, Əri ölən gözələ bax, boynunu bur. Ələsgər torunu bir tərlana qur, Bəlkə, tora düşən bir şahbaz ola!