Oğulsan, vurulma bu gözəlliyə
Gözümüz dünyadan doymadı qəti, Bu dünya əbədi, biz müvəqqəti. Enirsən dərəyə, qalxırsan dağa, Dağlar tamaşadı, başdan ayağa. Hara baxırsansa çağırır səni, Ürək heyran olur, ağıl mat qalır. Bizik tamaşaçı bu səhnə üçün, Biz köçüb gedirik, bu həyat qalır. İçimdən yanıqlı bir sual keçir: Niyə gödək oldu ömrümüz, niyə? Oğulsan, vurulma bu gözəlliyə! Zirvədə ağarır qar aşırımları, Torpaqda seyr eylə qara şumları. Ulduzlar göylərin nurlu qəndili, Yarpaqlar ağacın danışan dili. Qarışqa karvanı öz işindədi, Arı öz müqəddəs vərdişindədi. Torağay meşədə, qartal zirvədə, Düşüncə dərində, xəyal zirvədə, Bağlanıb torpağa, boylanıb göyə – Oğulsan, vurulma bu gözəlliyə! Sular pıçıldaşıb, sellər səslənib, Budaqlar üstündə quş oxuyursa, Qayalar səsini qaytarıb sənə, Kəkliyə qoşulub daş oxuyursa, Damlalar toy çalıb, çadırlar üstə, Buludlar yağışı gur yağdırırsa, Günəşin işığı, Ayın sevgisi, Hər gün üstümüzə nur yağdırırsa, Bulud axarında, göy ləngərində, Küləklər güllərin tumarındasa, Təbiət şairin tək gözündə yox, Qəlbində, ruhunda, damarındasa, Səs olub, söz olub, rəng olub həyat, Köçürsə ürəyə, köçürsə gözə, Duyduğun, gördüyün, baxdığın nə var, Olursa hər anı heyrət, möcüzə, Tanrının əsəri, bax, budur, deyə – Oğulsan, vurulma bu gözəlliyə! Oğulsan, vurulma bu gözəlliyə!!!
2002, 5 sentyabr