Əsas məzmuna keç

Heca şeiri

Oğul böyükdürsə, yük də böyükdü

Zəlimxan Yaqub

2

Qışın oğlan çağı gəldim dünyaya, Anamın gözünün ilki mən oldum. Şükür Yaradanın verdiyi paya, Atamın sərvəti, mülkü mən oldum.

Evin ilk oğluydum, ilk olmaq çətin, Ocağın işığı, yurdun səsiydim. Yapışdım qulpundan ağır zəhmətin, Çətin buyruqların pərvanəsiydim.

Mən idim bu evin gücü, arxası, Bu evdə ən çətin iş mənim idi. Divar uçasıdı, hasar qalxası, – Çiyin mənim idi, daş mənim idi.

Dəhrəylə, baltayla, bellə, kürəklə Güləşim, döyüşüm, məşqim olardı. Hər işin dalınca getdim ürəklə, Hər şeyə tükənməz eşqim olardı.

Qarşımı kəsməyə acizdir duman, Sözüm ötkəm idi, inamım qəti. Məni qorxutmadı heç vaxt, heç zaman, Birinci olmağın məsuliyyəti.

Şimşəklə, buludla öpüşən oğul, Tufanda təntimir, boranda çaşmır. Yükün ağırından yapışan oğul, Dolaşıq yollarda itmir, dolaşmır. Ellərin gözünün qabağındayam, El bilir nə haldan nə hala gəldim. Ürək işığında, göz yağındayam, Məhlədə doğuldum, mahala gəldim.

Dözdüm düşmənlərin tənələrinə, Dözdüm qohumların qınaqlarına. Köklərim işlədi, getdi dərinə, Dözdüm bu zamanın sınaqlarına.

Hər ilin dalınca çətin il gəlir, Qayğılar insana şələdi, yükdü. Arxadan bir ordu, bir nəsil gəlir, Oğul böyükdürsə, yük də böyükdü.

Bütün çirkabları, xırdalıqları Qatladım dizimin altına qoydum. Eşq adlı sərvəti, söz adlı yarı, Göylərin yeddinci qatına qoydum.

Əsildən, nəsildən, süddən, sümükdən Xəbərdar olanın ruhu talanmaz. İtirməz özünü dağ boyda yükdən, Oğul böyükdürsə, o xırdalanmaz.

Oğul böyükdürsə, tükənməz varı, İşi böyüyəcək dilindən əvvəl. Yığacaq qəlbinə ucalıqları, İçi böyüyəcək çölündən əvvəl.

Yeri böyüdəcək addımlarıyla, Göyü böyüdəcək baxışlarıyla. Həyatın rəngini dəyişdirəcək, Həyata vurduğu naxışlarıyla.

Cığır dar gələcək qədəmlərinə, Yeriyib getdiyi yol böyüyəcək. Oğul baxışları sığal çəkəndə, Dənizə çevrilib göl böyüyəcək. Onun gur nəfəsi toxunan kimi, Ev saray olacaq, koma səltənət, Adıyla ucalıb el böyüyəcək.

Nəyi istədimsə, verdi Yaradan, Açılar, işlərim düşməz düyünə. Mən böyük oğluyam ocağımızın, İlahi, min şükür böyüklüyünə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.