Əsas məzmuna keç

Qoşma

Ocaq

Zəlimxan Yaqub

1

Harda od görəndə, ocaq görəndə, Odlu könülləri salıram yada. Əməli nur verib şəhərə, kəndə, Yananlar yaşayıb yalnız dünyada.

Adını hörmətlə gətirib yada, Ocağı həmişə öyüb babalar. Suyu diş göynədən bulaqlara da “Şəfa ocağıdır” deyib babalar!

Burda soyumaq nə, qaralmaq nədir, Sönməz bu torpağın gur ocaqları. Yaxşı kişilərin ürəyindədir, Şəfa qaynaqları, nur ocaqları!

Seçdi vədəsində əyrini, düzü, Odlu nəfəsini aləmə yaydı. Kimi yandırardı atəşi, közü, Sabir yana-yana yaratmasaydı!

Qəlbi zaman-zaman vurdu, döyündü. Sönmədi alovu müqəddəslərin. Öləndə qəbri də ocağa döndü, Ürəyi el üçün yanan kəslərin!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.