Əsas məzmuna keç

Heca şeiri

O quş mənim qəlbimi açmaq üçün oxuyur

Zəlimxan Yaqub

1

Quş quşluğunnan bilir tutqunam, dumanlıyam, O quş mənim qəlbimi açmaq üçün oxuyur. Bilir ki, daş atıblar qəlbimin aynasına, O quş mənim qəlbimi açmaq üçün oxuyur.

O yuva o budağın, budaq quşun qisməti, Qurulan hər nə varsa, quruluşun qisməti. Bu nəğmələr ürəyin, ağlın, huşun qisməti, O quş mənim qəlbimi açmaq üçün oxuyur.

Çən-dumanı başımdan dağıdan meh – küləkdi, Ruhumun bağçasında toxum saldı, gül əkdi. Bəlkə, quş libasında xilaskar bir mələkdi, O quş mənim qəlbimi açmaq üçün oxuyur.

Bir dünya var zilində, bir dünya var pəsində, Yerin, göyün, varlığın cilvəsi var səsində. Bəlkə, Allah göndərib, Davudun ləhcəsində O quş mənim qəlbimi açmaq üçün oxuyur.

Hər ürəyin içində ötən qumru var, qu var, Hər səsdə açan çiçək, dumduru axan su var. Məni də özü kimi oxutmaq arzusu var, O quş mənim qəlbimi açmaq üçün oxuyur.

2006, 10 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.