Əsas məzmuna keç

Heca şeiri

O, qeybətə düşmən idi

Zəlimxan Yaqub

1

Neçə ömrüm var ki mənim, Dedi-qoduya baş qoşam. Kiminsə getdiyi yetmir, Ona da bir yoldaş qoşam?

Tikan etsəm gül evini, Ağlım, huşum artacaqmı? Yıxsam bir könül evini, Tikməyə vaxt çatacaqmı?

Neçə ömrüm var ki mənim, Boş söhbətə çənə verəm. Onu ya cinə, şeytana, Ya nifrətə, kinə verəm?

Kim istəyər, özü bilər, Dedi-qodu mənlik deyil. İblisin ilməsi, toru, Məkrin odu mənlik deyil.

Neçə ömrüm var ki mənim, Bir az səsə-küyə verəm. Bir az ağlı səyə verəm, Bir az başdan keyə verəm?

O, bahalar bahasıdı, Onu yelə niyə verəm? Gözümdə Allah işığı, Qəlbimdə nur öləcəyəm. Yolu aydın, ruhu təmiz, Eşqi məğrur öləcəyəm. Bel götürüb, külüng alıb, Məzarımı qazarsınız.

Başdaşına sadə xətlə Bu sözləri yazarsınız: “Bir könülə toxunmadı, O, qeybətə düşmən idi. Qeybət adlı bağışlanmaz, Qəbahətə düşmən idi”.

2005, 26 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.