Əsas məzmuna keç

Qoşma

O qanlı illərin hayı, harayı

Zəlimxan Yaqub

1
Böyük Vətən müharibəsi illərində doqquz oğul itirmiş rus qadını İ.H.Stepanovanın şəklinə baxarkən

Bir ana qəlbində bu boyda kədər, Qulağım heç yerdə eşitməmişdi. Nə şaxta, nə sazaq bu şəkil qədər, Məni dondurmamış, üşütməmişdi.

Oğul itkisini, bala dağını, Bir çəkən anlayar, bir düşən bilər. Küləklər söndürər od-ocağını, Həsrəti həsrətlə görüşən bilər!

Alışan ocaqlar qaraldı, söndü, Dörd ilin ağrısı dörd əsrə bəsdi. O aylar, o illər qayçıya döndü, Şirin arzuları doğradı, kəsdi.

Sarsıdır ruhumu min dağ, min düyün, Alışır Buhenvald, qışqırır Xatın. Vətəni Günəştək yaşatmaq üçün, Nə qədər işığı sönüb həyatın!

Solğun gözlərinə boranlı bir qış, Qırışlar alnında səngər kimidir. Kirpiklər döyüşə hazır dayanmış, Bir himə bənd olan əsgər kimidir!

Torpağın eşqiylə göyə baş vuran, Kökə baş endirən budaqlar hanı? Əlvan otaqları səslə dolduran, Nəğmələr oxuyan dodaqlar hanı?

Doqquz “qara kağız”, doqquz bəd xəbər, Dalbadal bir evdən saldı yolunu. Açmadı ürəyi açılan səhər, Çaxdırdı şimşəyi, tökdü dolunu.

Oğullar döyüşdü hər saat, hər gün, Yenə soyumadı qəzəbdən ürək. Vətəni ayağa salmamaq üçün, Bəzən dizin-dizin sürünmək gərək!

Nəfəsi əritdi qışın qarını, Məsləklə, bayraqla yeridi onlar. Güllələr apardı ayaqlarını, Dirsəklə, dırnaqla yeridi onlar.

Yerdə qoymadılar amanı, ahı, Yaxşı ki, həyatda haqqın səsi var. Düşmənin əlindən saldı silahı, Dünyanın ədalət məhkəməsi var!

Qırxı yaxalayır illərin sayı, Dünya ağrıları unutmur ancaq. O qanlı illərin hayı, harayı, Beş yüz il sonra da xatırlanacaq!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.