O gözəl kimdirsə
Aləmə car olub nişanlanmağım, Bulağa demişdim, çay hardan bilir. Nədir gizli-gizli belə yanmağım, Ulduza demişdim, Ay hardan bilir.
Sən demə, əlüstü toy sədasını Dənizə çatdırar çaylar o günü. Dəniz də səsləyər öz adasını, Ada da sahili haylar o günü.
Parlayar incisi, alışar zəri, Dalğalar qoynuna vurhavur düşər. Günəş də eşidər bu şad xəbəri, Torpağın üstünə göydən nur düşər.
Quşlar bu müjdəni çatdırar yerə, Təzədən başlanar toylar o günü. Sularda çırpınan qağayılara Ləpələr muştuluq paylar o günü.
Oxuya-oxuya bu əziz günə, Arılar balını gətirər gələr. Qayalar qartalı alar köksünə, Tərlan xəyalını gətirər gələr.
Min aləm sevindi bir şad xəbərdən, Çiçəyə demişdim, çəmənə yaydı. Bir səs qulağıma dəyirdi hərdən, O gözəl kimdirsə, xoşbəxt olaydı.
1975, 26 avqust