Əsas məzmuna keç

Qəsidə

O dəm yetişdi ki, hər ləhzə möhnətim artar

Məhəmməd Füzuli

1

O dəm yetişdi ki, hər ləhzə möhnətim artar, Könül də istər olam möhnətə, bəlayə düçar.

Müsibət aşiqiyəm, tərk qılsa dərd məni, Bəlalı canıma bu ən böyük bəla sayılar.

Mənim ki, qədrimi tə’yin edər bəla qədəri, Bəla nə qədrsə, olmuş məqamın ol miqdar.

Bəlasız heç kəsə xoşbəxtlik nəsib olmaz, Səadət axtaran hər kəs bəlayə talib olar.

Bəla nə qədr hücum etsə, olmaram dilgir, Məqamı yüksək olar kim bəlanı etsə şüar.

Zəmanə cövrünə dözdüm ki, məqsədə yetişim, Dözər rəqib cəfasinə axtaran dildar.

Muradə yetməz o kəslər ki, şövqi naqisdir, Səlah şövqdədir, düşmə şövqdən, zinhar.

Qürur ulduzuna vermə yol qürub etsin, Əyilmə düşmənə, bir möhnətin olarsa həzar.

Şərəf dilərsən əgər, əhli-fəqrə ol həmdəm Ki, hər kəs öz şərəfin fəqr ilə edər izhar.

Həzər qıl eşqdən aləmdə, qaç məlamətdən, Məlamətə dözə aşiq olan gərək naçar.

Zəmanə eyb tutar arifin əməllərinə, Fəzilət əhli deyə, cahilə, edər israr,

Bu rəsmdir ki, durar nəhs sə’ddən ucada, Bu rəsmə vəz’i-kəvakib də eyləyir iqrar.

Rəzil öndə gedərsə, əziz qalar geridə, Yalançı sübh həqiqi səhərdən ön açılar.

Bu qaydadır ki, qaranlıq zəfər çalar işığa, Necə ki, sayə salar məh cəbinə türreyi-tar.

Hər arzu maneələr arxasında pünhandır, Necə ki, pərdədədir sevdiyin o gülrüxsar.

Həris olan bu cahan mülkünə əyilməlidir, Hesab vaxtı bölər tamı kəsrə dəftərdar.

Xeyirlə şər əməlin fərqinə əgər varsan, Bu imtiyaz ilə başın fələklərə ucalar.

Bu fani aləmə bel bağlama, cahandan keç Ki, fani şeydən ümid gözləməz olan huşyar.

Mənim fəlakətimə sə’y edərsə düşmən əgər, Onu zəlil edəcək tezlik ilə bu ruzgar.

Necə deyim ki, mənə ruzigar düşməndir? Onun əlilə olub düşmənim fələkzədə, xar.

Rəzillərin əməlindən xeyir çox axtardım, Yəqinim oldu ki, sə’yim bir əmrdir, düşvar.

Oyundur aləmin hər bir işi, yəqin etdim, Bir eşqdir ki, onun varlığında mə’na var.

Məhəbbət ilə yaşar mə’rifətli insanlar, Könüldə hasil olar hüsni-eşqdən ənvar.

Məhəbbət hər qəmə, hər möhnətə gələr qalib, Sevənlərin ürəyində nə dərd olar, nə qubar.

Məqamı hər kəsin eşq ilə çün olur tə’yin, Eyibdir hər kəs üçün eşqi eyləmək inkar.

Mənəm ki, heyrətə saldım cahanı eşqim ilə, Içincə bəzmi-məhəbbətdə sağəri-sərşar.

Hədər yerə mənə tə’n etməyin, deyil mümkün Hörümçəyin toru olsun şərari-eşqə hasar.

Deyirlər əzmli ol, əqlə iqtida eylə, Ağıl da eşqə olub bəndeyi-itaətkar.

Murad yollarıma zə’fdən çəkilmiş sədd, Bu sədd içində mənəm, sanki nöqteyi-pərgar.

Vücudim incələrək göz yaşımda məhv olmuş, Fəna mən aşiqin olmuş həyatinə me’yar.

Varam, dəlalət edər zə’fi-cism yoxluğuma, Yoxam, dəlalət edər varlığıma naleyi-zar.

Dəmi-fəraqdə bikəsliyim mənə munis, Kədər dəmində mənə vəhşətim olub qəmxar.

Yanarkən halimə biganələr, nədir səbəbi, Bu hali-zari görən dostlarım olub bizar?

Məzəmmət ilə mənə eşqi tutmayın irad Ki, aşiqin hər işində böyük fəzilət var.

Hücum edər mənə hər səmtdən qəmü qüssə, Sıxar məni köməyinə sığındığım əşrar.

Yoxumdur özgə pənahım, xilas üçün qəmdən Ümid o padişəhə bəsləyir dili-bimar.

O padişah ki, onun qüdrətinə yox miqyas, Bütün bu aləmi xəlq eyləmiş o, sən’ətkar.

Onun iradəsi hər şeydə aşikar olmuş, Kim ondan özgəsinə göz dikərsə, yoldan azar.

Qəribəliklər onun hikmətilə xəlq edilib, Odur bədayei-xilqətdə mənbəi-əsrar.

Bu əqlü hüsn, bu qüvvət ki, bizdə vardır, onun Kəramətü hünərindəndürür birər asar.

O, mübhəm elmlərin cümləsinə vaqifdir, O, əqlə, ruhə olub qüdrətilə ayinədar.

O, eşq zövqünü qılmış könüllərə ehsan, Bu zövqü anlamayanlar deyil yəqin bidar.

İlahi, könlümüzü hüsn eşqi cəzb etmiş Ki, sün’i-həqdən olub bir nişanə hüsni-nigar.

Könülləri sən edibsən gözəlliyə mayil, Bu meyli bizlərə çox görmə, qadiri-qəhhar.

İlahi, eşqə məni mübtəla edən sənsən, Odur ki, qoymadı könlümdə eşq səbrü qərar.

Düşüncə eşq oduna aləmi unutdum mən, Bu od mənə kərəmindən sayıldı bir gülzar.

Könül qiyamət əzabından eyləməz pərva, Ümidi tək sənədir, ey xudayi-leylü nəhar,

Mənim bu cismimə, bu qəlbimə tərəhhüm qıl, Düşüncə yadıma məhşər günü saçım ağarar.

İlahi, qəlbim olub qorxu atəşində kəbab, Bağışla cürmümü, ol mən fəqirə lütflə yar.

Füzuli, oldu sənə yar həqq tovfiqi, O qoymadı yetirə düşmənin sənə azar.

Bizi hidayət edər düz yola rəsuli-xuda, Edək səlamimizi biz Məhəmmədə iysar.

* * *

Lüğət: Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Qədr – dəyər, qiymət, məziyyət; Zinhar – saqın; Həzar – min; bülbül; Əhli – raz – sirr əhli, sirdaş; Məlamət – məzəmmət, danlaq; Nəhs – uğursuz; Sayə – kölgə; Tar – qaranlıq; Pünhan – gizli; Gülrüxsar – gülyanaqlı; Əməl – arzu; iş; Xar – çox möhkəm daş, mərmər daşı; Düşvar – çətin; Hüsni – göftar – söz gözəlliyi X; Ənvar – işıqlı, parlaq; Sağər – qədəh, piyalə; Sərşar – ağzına qədər dolu; Zar – sızıldayan, ağlar, zəif; Dəmi – sərd – soyuq ah; Fəraq – ayrılıq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Əsrar – sirlər; Mübhəm – anlaşılmayan, üstüörtülü; Vaqif – xəbərdar; Bidar – zülm, təcavüz; Nigar – şəkil; gözəl; Pərva – qorxu, kömək; Leyl – gecə; Hidayət – doğru yola getmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.