Əsas məzmuna keç

Heca şeiri

O da bir gün idi...

Zəlimxan Yaqub

1

Açdı qucağını fəsillər bizə, Ömrə könül verib yaşa vurulduq. Ayrılıq olmadı istəyimizdə, Nəyə vurulduqsa qoşa vurulduq. Bulud nə gəzirdi başımız üstə, Üfüq başdan-başa yanan zər idi. Yer göyə can deyib can eşidirdi, O da bir gün idi, bir səhər idi.

Təzəcə açmışdı qönçə arzular, Yenicə gəlmişdi yazı dünyanın. Şehlə öpüşəndə gül dodaqların, Nazına çatmazdı nazı dünyanın. Təzəcə qəlbimiz, ruhumuz kimi Çəmənlər, çiçəklər təzə-tər idi. Getməz qulağımdan suların səsi, O da bir gün idi, bir səhər idi.

Onda tanımırdıq giley-güzarı, Qulağım çox sözü eşitməmişdi. Səni biganəlik, məni soyuqluq, O zaman bir belə üşütməmişdi. Dildən od yağırdı, gözdən qığılcım, Ürək də qurulu bir şəhər idi. Qaynar gözlərinə bulaq demişdim, O da bir gün idi, bir səhər idi.

Güləndə üzümə nurlu baxışlar, Dünya xəyalımda çiçəklənirdi. Damcılar titrəşir, yağışlar yağır, Dağlar da, düzlər də göyçəklənirdi. Bulaqlar deyildi elə çağlayan, Sənin oxuduğun nəğmələr idi. Həsəd aparırdı bülbüllər bizə, O da bir gün idi, bir səhər idi.

Elə uzaqlaşıb, elə yadlaşıb, Duymaz işarəni əl eyləsək də. Əli əlimizdən üzülüb gedib, Gələrmi yaxına gəl eyləsək də. Dənizdə yox olan bir damla kimi, İllərin qoynunda itdi, əridi. Yatsam da bir daha yuxuma girməz, O da bir gün idi, bir səhər idi.

O anlar, saatlar sirdaşa dönüb, Yaşayar mənimlə son ana qədər. Beyində fikirlər, gözdə arzular, Ürəkdə duyğular sönənə qədər. Tək onu deyərəm son nəfəsimdə, O, məni yaşadan bir əsər idi. Bir anım, bir günüm, əbədiyyətim, O da bir gün idi, bir səhər idi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.