Əsas məzmuna keç

Heca şeiri

O da bir axşam idi

Zəlimxan Yaqub

1

Arı gülə, bal dilə sarışmışdı o axşam, Küsənlər, küsdürənlər barışmışdı o axşam. Yerlə göy bir-birinə qarışmışdı o axşam, Heç bilmədim yerimiz saray idi, dam idi, Keçdi-getdi ömürdən, o da bir axşam idi.

Bir gözəl sevdasına gəldi bir bəndə düşdü, Ruhum bəndə düşəndə, eşqim kəməndə düşdü. Yayıldı bu səs-soraq, şəhərə, kəndə düşdü, Göz bir atəş qaynağı, can əriyən şam idi, Keçdi-getdi ömürdən, o da bir axşam idi.

Sevgidə mənim kimi bir qəlbi ac var idi, Başımda gənclik adlı qızıldan tac var idi. Yaşıl cənnətim olan, yaşıl ağac var idi, Yerlər, göylər şairin ilhamına ram idi, Keçdi-getdi ömürdən, o da bir axşam idi.

Aşılmaz zirvələr var, sədləri yarmaq olmur, Zaman sirli-soraqlı, sonuna varmaq olmur. Heyif ötən günlərə, geri qaytarmaq olmur, İşıq, mərhəmət idi, hörmət, ehtiram idi, Keçdi-getdi ömürdən, o da bir axşam idi.

Göyərçin qanadıydı, incə, zərif biləklər, Bir gözəl nəfəsində məst olmuşdu çiçəklər. Butamı göy üzündən göndərmişdi mələklər, Bu dünya başdan-başa sevgi dolu cam idi, Keçdi-getdi ömürdən, o da bir axşam idi.

2010, 10 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.