Əsas məzmuna keç

Heca şeiri

O, ana yurduna arxa çevirməz

Zəlimxan Yaqub

1

Kimin dodağında qımqıması var, Kimin ki ürəkdə zümzüməsi var, Kimin gözlərində haqqın işığı, Kimin qulağında haqqın səsi var, O, ana yurduna arxa çevirməz.

Kimin xəyalında ana laylası, Anadan bir kövrək bayatı varsa, Zərif körpəliyin, saf uşaqlığın, Yaddaşda bir parça həyatı varsa, O, ana yurduna arxa çevirməz.

Kimin baxışında bağların əksi, Burnunda çiçəyin ətri qalıbsa, Udduğu havanın, içdiyi suyun Dəyəri, qiyməti, qədri qalıbsa, O, ana yurduna arxa çevirməz.

Ölənin, itənin arxası olar, Göyərib bitənin arxası olar, Qürbətdə Vətənin arxası olar, Qaçar arxasınca arxasızların, O, ana yurduna arxa çevirməz.

Lap belə dünyanın o başında da, Doxsan yaşında da, yüz yaşında da, Fikrində, hissində, yaddaşında da Sözü Vətən olar, sözü Yurd olar, Vətənsiz yaşamaq ona dərd olar. O, ana yurduna arxa çevirməz, Heç vaxt silahını xalqa çevirməz.

2002, 9 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.