Əsas məzmuna keç

Qəsidə

Nobahar oldu, cahanın yenə xoş dəmləri var

Məhəmməd Füzuli

1

Nobahar oldu, cahanın yenə xoş dəmləri var, Bağın al hüsnü gözəl, lalə kimi dilbəri var.

Göy çəmənlərdə çiçəklər verir insanə fərəh, Belə ne’mətlər ilə fəxr eləsən, çox yeri var.

Gülün eşqilə budaqlar ucalır əflakə, Öyünür, qürrələnir, çünki belə ziyvəri var.

Gül gülür, tə’nə vurur bax ona sübhün küləyi Ki, nədən aləmə tə’n etməyə gül kim, zəri var.

Bu təbiətlə nə xoş saziş edir gül ağacı, Ona xəl’ət verilib, başda yaşıl məcməri var.

Nərgis istər ola baş güllərə gülşəndə bu gün, Bu məram ilə onun başda qızıl əfsəri var.

Yenə cansız ota can verdi təbiət təzədən, Səfheyi-səhni-çəmən aləminin məhşəri var.

Səbəb ol səbzəyə gülşəndə bu olmuşdur kim, Çərxin ayineyi-bağ içrə yaşıl peykəri var.

Yenə şəbnəmlə yaşıl ot bəzəmiş yer üzünü, Sanki yerdə fələyin əncəmü əxtərləri var.

Quru çör-çöplər içində təzə gül zahir olur, Xilqətin sirrinə bax, gör nə əcəb məzhəri var.

Hələ bəh-bəh, nə ətirlər saçır ətrafa hava, Lütf bağında onun şər’ilə barü bəri var.

Yaşarıq valiyi-şər’in belə xoş dövründə Ki, onun pak zəmirində nəbi gohəri var.

Gülər üz, qəlbi geniş, qazilərin qazisi, Aləmə nur verən surəti-xoşmənzəri var.

O sifətlər ki, bu gün xeyrxah insanda olar, Yüz qat artıq əməli, xeyri, kəramətləri var.

Ne’mətullah ki, olur elmə pənah aləmdə, Elm dəryası olub, sinədə min dəftəri var.

Gövhəri-elmi gömübdür yerə sabiq üləma, O tapa qaldıra yerdən ki, onun gövhəri var.

Qoyacaq övci-fələk başına əlbəttə qədəm, Qapının torpağı üstündə kimin bəstəri var.

Ta ki, fəhm eyləyə idrak sənin varlığını, Elm tək əldə onun vasitəsi, rəhbəri var.

Səndədir elmi-şərəf, övci-səadət, bilirəm, Ey xoş ol kimsə ki, sidqilə qapında yeri var.

Nə qədr ki, qələmin şər’ə verir izzü rəvac, Ətri-ədli yaya ətrafə, onun ziyvəri var.

Belə bir dövrdə ki, ədlin olubdur məşhur, Nə üçün qəlbdə bəs dövri-zaman qəmləri var?

Gərdişi-çərx ədəbin səmtinə heç meyl etməz, Yaxşılıq eyləməz, amma bizə dərdi-səri var.

Sərvərim, lütf edərək bax da Füzuli tərəfə, Axı çox hali-pərişani, dili-müztəri var.

Var ümidim ki, bu varlıq nə qədr mövcuddur, Nə qədər ki, fələyin nur saçan əxtəri var.

Çərx əysin başını hökmünə hər bir anda, Bəxtin olsun əbədi, ta ki, onun məzhəri var.

Lüğət: Əfsər – tac; Can – ruh, bədən; Çərxi – çənbəri – dairəvi səma; Peykər – üz, surət, gözəl; Məzhər – bir şeyin zahid olduğu yer; Nəbi – peyğəmbər; Qazi – dini müharibə iştirakçısı; Əməl – arzu; iş; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Bəstər – yataq; Qədr – dəyər, qiymət, məziyyət; Sərvər – başçı; Dili – tirə – qaranlıq könül, tutqun könül; Müztər – çarəsiz N; Əxtəri – bəxtim oldu tirə – bəxt ulduzum qaraldı (söndü)

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.