Nizami dünyası
Ağlın genişliyi, qəlbin səsidir, Varlığın ən böyük xəritəsidir. Fikrin qollarıyla qucub cahanı, Beş əsər dünyanın beş qitəsidir!
Könül dünyasında söz heykəlləşər, Yayınmaz gözlərdən nə xeyir, nə şər. Minlərlə xəzinə doldu, boşaldı, “Sirlər xəzinəsi” tanıyır bəşər!
Saralmaz bağçası xəzan əlində, Pozulmaz nizamı, pozan əlində. Tilsimlər, əfsuslar sındıran qələm, Hər şeyə qadirmiş yazan əlində!
Fərhad məhəbbətdə dünyada təkdi, Şirinin rəsmini daşlara çəkdi. Nizami şeirindən söhbət açmağa, Allah ucalıqda şair gərəkdir!
Yandı, söz adlanan gur ocaq üçün, Eşqi çiçəkləndi bu torpaq üçün. Yeddi şair ömrü çatmaz bəlkə də, Tək “Yeddi gözəli” yaratmaq üçün!
Tanrısı ölümsüz təbiət oldu, Qəlbində tükənməz min hikmət oldu. Gecələr ulduzla dindi, danışdı, Gündüzlər Günəşlə həmsöhbət oldu!
Üzdü, inciləri dərində tapdı, Fikri məqamında, yerində tapdı. İsgəndər axtaran “abi-həyat”ı, Nizami sözündə, şeirində tapdı!
Kəlamı alışıb yandı zər kimi, Böyüdü dünyası üfüqlər kimi. Batmadı əsrlər qaranlığında, Parladı ən aydın şəfəqlər kimi!
Sirdaşdır qocaya, gəncə Nizami, Nizami Gəncədir, Gəncə Nizami! Əyləşib dahilər səltənətində, Bütün şairlərdən öncə Nizami!