Nişan
Tapdı şöhrət xəlq içində bu cəhalətdən nişan, Qaldı dərvişlər dilində dağü həsrətdən nişan, Qalmadı məzlumlara dəsti-nüsrətdən nişan, Sərbəsər doldu cahana bu bəd afətdən nişan, Dəydi aləm əhlinə yüz min xəcalətdən nişan, Ər bilərlər kimdə olsa ol şərarətdən nişan, Yada salmaz xeyir işi tapan zəlalətdən nişan, Nə mürüvvətdən əsər var, nə ədalətdən nişan, Şək deyildir, dostlarım, gəldi qiyamətdən nişan.
Hər kişi bidətə batır, onu ki ər bildilər, Məhşərə münkir olub, yox dünyanı var bildilər, Şər işin bəd anlayib, bəd işi xub kar bildilər, Rastları xain bilıb, xainləri yar bildilər, Tamuya kani deyib, kaniləri zar bildilər, Kim şəriət əhli olsa, həcv edib, xar bildilər, Münkirü mürşüd bilib, yalanı iqrar bildilər, Gümrahı təqva sanıb, təqvanı inkar bildilər, Şək deyildir, dostlarım, gəldi qiyamətdən nişan.
Hörmət əhli oldu ol kimin əlində sazıdır, Kim kəlam oxusa, xəlq yanında xar avazıdır, Virdləri dərvişlərin xəlvətdə xəlq ənbazıdır, Ortada qızü cüvan, dersən ki toydur, bazıdır, Sıçraşar qızü gəlin üstünə, guya tazıdır, Həqq işindən bixəbər xəlq içrə bəzi qazıdır, Tabei cindir onun, həqqən ki, şeytan özüdür, Cəhənnəm tıxacıdır, hər kim bu işə razıdır, Şək deyildir, dostlarım, gəldi qiyamətdən nişan.
Tanrı, peyğəmbər sözündən bixəbərdir bu pirlər, Fasiqi qazı bilib, zalıma naib derlər, Hər kişi əvvəl gəlib görsə ki, rüşvət verlər, Bağlayıb böhtan ilə fəqr əhlinə təqsirlər, Əmmamə qor başına ac böri, sofu-pirlər, Eyləyib xəlq üstünə çox hileyi-təzvirlər, Gər halalü, gər haram tapsa tıxarlar, yerlər,
Ruzi-məhşər həqq-rəsula nə cəvabın verlər, Şək deyildir, dostlarım gəldi qiyamətdən nişan.
Az eylə, Məxdumqulu, söz birlə dərdin hər zaman, Nə üçün zalıma növbə verdi bu dövri-zaman, Onunçün göz görən–eşidəndən ötə keçdi güman, Eyləyib bir-birinə dəvayi-batili həman, Bir şahılıq mal üçün dəqiq verər əldən iman, Özünü ər saydırar, kim artıq iş etsə yaman, Çün nahaqdan kişi yüz şövq edər tökməyə qan, Gücü yetsə gürbənin, qaplana heç verməz aman, Şək deyildir, dostlarım, gəldi qiyamətdən nişan.