Nifrətim
Nə zaman ki, haqq döyülür, nahaq döyür, Nə zaman ki, şər qapına ayaq döyür, Nə zaman ki, evdə səni qonaq döyür, Tufan elə, külək kimi əs, nifrətim!
Günümüzü göy əsgiyə düyən olsa, Haqqımızı zor gücünə yeyən olsa, Ana yurdun sərhədinə dəyən olsa, Şimşəyə dön, sal göylərə səs, nifrətim!
Bir daşına qıyan olsa min zilə çək, Köhlənini yola çıxart, mənzilə çək. Sınaq günü bəmdə durma, sən zilə çək, Belə yerdə gərək deyil pəs, nifrətim!
Öz yerimə yağış olub yağmalıyam, Öz yurduma Günəş olub doğmalıyam. Xəyanəti beşiyində boğmalıyam, Silah götür, daha bəsdir, bəs, nifrətim!
Bu torpağın taleyini qorumasa, Kimə gərək quru torpaq, quru masa. Azərbaycan arzuların yarımasa, Qılınca dön, küt başları kəs, nifrətim!