Nifrətə çevirmə məhəbbətimi
Ucadı zirvəmiz, qoy uca qalsın, Endirmə yerlərə, göy uca qalsın. Qəddi bükülməsin gəncliyimizin, Göz nurlu, can odlu, boy uca qalsın, Nifrətə çevirmə məhəbbətimi!
Sevilən, dünyanı yeddi qat sevir, Həyatı sevəni bu həyat sevir. Daş atma gözünə duru suların, Sevgi bir balaca ehtiyat sevir, Nifrətə çevirmə məhəbbətimi!
Sevdim Allah verən boyu-buxunu, Çəkdim ciyərimə ətri-qoxunu. Bir acı təəssüf, bir köntöy baxış, Tərsinə fırladır Yerin oxunu, Nifrətə çevirmə məhəbbətimi!
Duyğular susanda can şikəst olar, Ruh yorğun düşəndə ürək süst olar. Cənnət cəhənnəmə çevrilən günü, Göy baş-ayaq düşər, yer alt-üst olar, Nifrətə çevirmə məhəbbətimi!
Su kimi durulub sevmişəm səni, Oxlanıb vurulub sevmişəm səni. Göydən almamışam hədiyyə kimi, Yollarda yorulub sevmişəm səni, Nifrətə çevirmə məhəbbətimi!