Neyləsin
Mənim qayğılarım fil dizi bükər, Buna diz neyləsin, ayaq neyləsin? Üstünə daş yağıb, dağ yığılmışa, Dəmirdən, palıddan dayaq neyləsin?
Dərdin tüstüsü var, bacası yoxsa, Dərdin dərdbiləni, xocası yoxsa, Həsrətin gündüzü, gecəsi yoxsa, Mürgülü neyləsin, oyaq neyləsin?
Dönsə dumanına, dönsə tüstünə, Tanrı hər addımda dursa qəsdinə, Göylərin qəzəbi ensə üstünə, Ayağın altında torpaq neyləsin?