Əsas məzmuna keç

Heca şeiri

Nəvəm Yusifə

Zəlimxan Yaqub

2

Yanağı allı nəvəm, Dodağı ballı nəvəm. Gül qoxulu, ayüzlü, Mələk misallı nəvəm. Yusif qoydum adını, Yusif camallı nəvəm.

Atamın adı nəvəm, Ağzımın dadı nəvəm. Gəldin, yaxın eylədin Qohumu, yadı nəvəm. Ruhumun, varlığımın Qolu-qanadı nəvəm.

Sən dünyaya gələndən, Mən daha mən deyiləm, Dönmüşəm sən olmuşam. Fikirli, qayğılıydım, Səni oynağan görüb, Uşaqdan şən olmuşam. Babalar padşahıyam, Qaldırmısan göylərə, Tanrıya tən olmuşam.

Mən qocaman bir ağac, Sən budaqda bar kimi. Paklığın, yumşaqlığın, Təzə yağmış qar kimi. Xoşbəxtəm, xoşbəxt olan Bütün babalar kimi!

Gələn gündən dünyaya Saza mehrli nəvəm, Nağıllardan yaranmış Sirli-sehrli nəvəm.

Baxış mənim baxışım, Gülüş mənim gülüşüm. Gediş mənim gedişim, Gəliş mənim gəlişim. Eyni ruhdu, bədəndi, Eyni güldü, çəməndi, Məndən sonrakı məndi Ağlamağın, gülməyin, Şirin söz eşidəndə Bal kimi süzülməyin. Ruh kimi oynamağın, Qan kimi qaynamağın Mənim körpəliyimdi, Mənim uşaqlığımdı. Mənim həlimliyimdi, Mənim yumşaqlığımdı. Şirin layla, oxşama, Kövrək bayatı nəvəm! Allahın möcüzəsi, Haqqın sovqatı nəvəm!

2007, 28 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.