Nəvələr böyüdən vaxtımız gəlir
Dünən yaz günüydük, səhər mehiydik, Dünən dağ küləyi, çəmən şehiydik. Dünən iki ömrün, iki talenin, İki xoşbəxtliyin cavabdehiydik. Bu gün yavaş-yavaş dağdan aşırıq, Qarşıdan bir kövrək qocalıq baxır, Ömrün gəncliyiylə sağollaşırıq. Nənəli-babalı baxtımız gəlir, Nəvələr böyüdən vaxtımız gəlir.
Sən nənə, mən baba, iki ixtiyar, Oğul-qız sarıdan xoşbəxt, bəxtiyar. Sanbala çox şükür, saya çox şükür, Allahın verdiyi paya çox şükür. Tutub körpələrin gül əllərindən, Bir gün oğul gəlir, bir gün qız gəlir, Nəvələr gəzdirən vaxtımız gəlir.
İşıqdı ocağa, çıraqdı evə, “Dövlətdə dəvədi, övladda nəvə”. Oğul kişiləşdi, qız gəlin oldu, Sevənlər yaratdıq biz sevə-sevə. Qoca İstanbulda dünyaya gələn Borçalı nişanlı Turanımız var. Nənəlik, babalıq gətirib bizə, Dünyanı təzədən quranımız var. Nənəli-babalı taxtımız gəlir, Nəvələr gəzdirən vaxtımız gəlir.
Ömrün gəncliyindən, cavanlığından, Astaca-astaca uzaqlaşarıq. Qatar başımızı nəvələrimiz, Elə özümüz də uşaqlaşarıq. Sən uşaq, mən uşaq, nəvələr uşaq, Uşaq bağçasına dönər evimiz. Körpə nəfəsindən gül ətri gələr, Çiçək boğçasına dönər evimiz. Nənəli-babalı vaxtımız gəlir, Nəvələr böyüdən vaxtımız gəlir.
Qızlara ürəyin odunu verdin, Əritdin ömrünü oğullar üçün. Dur sovqat hazırla nəvələrinə, Hazırla özünü bal bayatılar, Şirin əfsanələr, nağıllar üçün. Şirəli torpaqda sağlam toxumdu, Nağıllar qidadı ağıllar üçün. Nağıla dönürük ötdükcə illər, Nağıl danışmalı vaxtımız gəlir, Nənəli-babalı baxtımız gəlir.
2000, 30 aprel İstanbul