Əsas məzmuna keç

Məsnəvi

Nəsihətnamə

Şah İsmayıl Xətai

1

Sığın fəzli-həqə, ey talibi-rah Ki, dost eşqin özünə eylə həmrah. Təvəccöh qıl, təvəccöh ol kərimə, Cəmali-ənvəri, zati-qədimə. Təvəkkül qapusunda sən müqim ol, Təriqi-eşq içində müstəqim ol. Təfərrücəhli ol aləmdə sadiq, Təhəyyür şö’leyi-didarə aşiq. Hər iş kim, dutasan, eşq ilə dutgil, İki sanmaqlığı, ey can, unutgil. Niyazmənd ol müdamyol içrə doğru Ki, surət təbdil edib olma oğru. Yəqin bil doğruluq dost qapusudur, Həqiqət aləminin dapusudur. Ola sidqilə kim ki, əhli-niyaz, Yol içində ol ola saf şahbaz. Kimin ki, olmasa üzrü niyazi, Qəbul olmaz niyazi, həm nəmazi. Özüni məskənət babində xak et, Bu cismi mə’rifət abində pak et. Ki, mənlik mənzilin məhv eylə daim, Ola gör eşq ilə xidmətdə qaim. İrə ta Fəzli-həqdən sana ən’am, Düşə qəlbinə rəhmət feyzi-ilham. Xəbərdar olasan həq canibindən, Çıxar zati-şərifin kibrü kindən. İrişə halinə eşqi-ilahi, Ola canində daim dərdü ahi. Dilində fəthü dövlət ola yahu, Künüldə hikməti-yahu yamənhu.

Dilərsən kim, olasan əhli-tövhid Ki, səndə qalmiyə bir şəmmə təqlid,

Könül saf ilə saf ol sadiqanə, Səfa birlə həqiqət aşiqanə. Qədimü layəzalü fərdü yekta Ki, misli yox onun zatinə həmta. Şəriki yoxdur anın zati hudur, Mübərradır xamudan şöylə hudur. Münəzzəhdir xamudan eyni-zati, Vəli hər şeydə zahir mö’cüzati. İkilikdən bəridir zati-mütləq, Kəmali-qüdrətinə söylə səddəq. Özidir hər işə sərkarü me’mar, Bu rəmzi anlagil, ey əhli iqrar. Cəhani tarü mar etmək əlində, Yenə bir dəmdə var etmək əlində. Görünən, göstərən, gözdə görən ol, Aparan, gətürən, alan, verən ol, Dəxi kimdən görərsən munca işlər? Öz işidir ki, işlər munca işlər. Gəhi məzhər cəmalə, gəh cəlalə, Əcəb sirdir bu sir, cəllə gəlalə. Ki, həqdir səgdə çün zikrinə fikrin, Kəlisa, məscidü küfrinə küfrin. Kim, oldur hər işin eynində mövcud, Özidir cümlə məxluq içrə mə’bud. Bəhanədir vəleykin işi xəlqə Ki, qulağda bu pəndi eylə həlqə. Onun hikmətlərinə qüdrəti çox, Nə deyim, binəhayət, payani yox. Təriqi-əhli-hal bir özgə haldır,

Qalanı yüz elə çox qeylü qaldır. Kim, ol tövhid məqamidir bu yollar, Bu yoldan çıxanı yol əhli yollar. Həqiqət içrə gər var gənc, özidir,

Deyilən dildə xami öz sözidir. Vəli sitri-ədəbdür görmək andan, Bəşər fe’lini, yə’ni bilmək andan. Çıxarma pərdədən dışra bu sirri, Eşid, ey seyr edən bəhr ilə bərri. Keçit gözlə, sağın keçəm bu bərri, Deyü naməhrəmə açma bu sirri. Məqami-heyrət içrə eylə seyran, Divanə, əsrükü sərməstü heyran. Olasan ta kim ol didarə məhrəm, Visali-həzrəti – dildarə həmdəm. Əzəldən bir məsəldir kim, demişlər, Təriqət pirləri şəkkər yemişlər. Zahirin nə isə batinin oldur, Zahirdən batinə dos-doğru yoldur. Nəzər eylə həqin hikmətlərinə, Təaləllah, zəhi qüdrətlərinə. Yaratdı canını uş bu nəfəsdən, Muni bil çıxmadın sən bu qəfəsdən. Ki, bir gövhərdurur əşyanın əsli Ki, onun mə’dənü mənbəü nəsli. Ki, hər kim dürr ilədir kani-gövhər, Nə gövhərdür həqiqət həqqə məzhər? Cəhan qətrə onun bəhri yanında Ki, qərq olur əqillər payanında. Vəli qətrə dögil dəryadən ayri, Ulaşıcaq bir olur, sanma qeyri. Əlünə alıcaq bir saf ayinə, Yenə oni görərsən hər ayinə. Görünən güzgüdə həm öz cəmalın, Dəxi nədir sana səndən xəyalın? Yaxın bax kim, sana səndən yaxındır, İrax baxma sana səndən sağındır. Yüzündəvü sözündəvü gözündə Özidir can olan, ey can, özündə. Xamuya dövr edən bir dövri-həqdir, Özin bilənə bu yaxşı səbəqdir.

Bu mə’ni hər kimin həqqi degildir, Ki, hər oxici lafəqqi degildir. Əgər seyr edəsən uş can elini, Sərayi-gülşəni-canan elini, Kim, özi canə can olmuş bu canə, Nihani gəşt edər xanə be xanə. Yəqin ayru degildir kəndudən can, Ki, bir mə’nidədir dəryavü ümman. Günəş zərrəvü həm zərrə günəşdir, Özinə özini, ey can, ulaşdır. Bu cismi eşq ilə can eylə rövşən, Ki, zülmət rəf’ olub cism ola rövşən. Kimin ki, eşqi yox, varma yanınca, Keçər fürsət o bu eşqə yanınca. Ki, ol eşq ilə sərməstü divanə Ona yoxdur qələm, varsa divanə. Yeri, eşqi özinə pişə eylə, Yetər uzaği fikr əndişə eylə. Bu dəmi xoş gör, ey can, həqqə şükr et. Bu fikrin tərkin et, var, özgə fikr et. Niyə gəldin, nə götürdün cəhanə, Nə iltərsən axirət cavidanə? Nə idin aləmi-vəhdətdə söylə, Bu kəsrət evinə düşdünmi böylə? Muni bildün isə irdün məqamə, Axirət mənzili darüssəlamə. Muni sən istə bir əhli-nəzərdən, Verə lütf eyləyüb gizlü xəbərdən. Əlində var ikən bir ixtiyarlıq Həqqin aşiqləriylə eylə yarlıq. Əlini alalar bir dar məhəldə. Gərəkdir ancalayın yar məhəldə. Yaram deyən çox olur munda, ey yar, Sağın, hər yetənə aldanma, zinhar. Kimi sevsən, həm onunla qoparsan, Onu kim, canü dildən sən taparsan. Uzaqdır mənzilin azuq qazangil,

Yetər bu dünya mülkinə uzangil. Xəyali-eşq özünə həmdəm eylə, Anınla xoş səfa sür həm dəm eylə. Hər an canda ki, ola eşq xəyali, Degildir haldan ol hal içrə xali. Olur bu eşq ilə can həqqə vasil. Ki, eşqi olmıyan candan nə hasil. Təşəbböh eylə, ey can, xanədanə, Yolunda qalma onun cismü canə. Cəmali-Mustafayə ver səlavat, Olasan cümlədən sağü səlamət. İbadətlər başıdır, ey qarındaş, Səlavat eşq ilə gər ola yoldaş. Kimin eşqinə yaratdı cəhani, Budur eyni-ibadət tani ani. Təvəkkül qıl təfəkkür ilə idrak, Nədür ol aləmi-mə’nidə lövlak. Məhəmməd ümməti qalmaz damuda, Səlavət ver, canın yanmıya oda. Ona ixlas ilə ümmət ola gör, Ona münkir olanın gözləri kor. Həqin dostunu bilgil dost olasan, Şaha ulaşuban peyvəst olasan. Kimin əlindədir bu cümlə aləm, Bu hikmətə ulaşur gerçək adəm. Nəbi me’racə çıxdı, kimi gördi? Məqami-müntəhadə kimə irdi? Yol üstündə duran aslani gördi, Çıxardı yüzügini ona verdi. Dedi ki, aramuzda bu nişanə, Bu sözümə məvalilər inanə. Munu fəhm eylə ki, özgə xəyaldır, Xəyal içrə, vüsal içrə məaldır. Dəxi sir var deyilməz xəlq içində, Yenə söz var deyəsi xülq içində. Yeri şaha müdam könlün açılsun, Lətif söylə dilindən dür saçılsun.

Ki, dəgmə kimsə olmaz şaha məqbul, Nişan göstər ki, olasan şaha qul. Nədir, söylə mana, şahin nişanı? Əgər mö’min isən sən şahi tanı. Kimin əmrilə çizginir fələklər? Ona səcdə elər gögdə mələklər. Mürüvvətü kərəm, lütfü səxavət Nişani şahın, ey əhli-səadət. Həsən-Hüseyni sev candan həmişə, Zəhi dövlətlü can şahə buluşə. Əli, Zeynəlibad, Baqirü Cə’fər – Olardır mö’minə mürşidü rəhbər. Musa Kazım, Əli, Musa Rzayə, Rza vergil yəqin ali-əbayə. Təqiyyü ba Həqi şah əskəridən, Ola görgil imamlar gövhəridən. İrişdi və’deyi-əhdi-Məhəmməd, Zühur edə özün məhdi-Məhəmməd. Bu on iki imamə qıl e vallah. Əgər mö’ min isə yarıcın Allah. Yəqin oldu çıxa sahib zəmanə, Vilayət ləşgərilə xanədanə. Ədlamətlər göründi cümlə əhval, Ki, təbdil görünür qövl ilə əqval. Cəhan əksinə döndi, ey bəradər, Dilər div ola insanə bərabər. Xaçan dürüst ola bu xam xəyallar? Yaxışmaz yol içində uş bu hallar. Bu bikar iyəsi mülkini gözlər, Görər bu mə’nini işıqlu gözlər. Zühur olmaz cəhan qarışmayınca, Bu aləm cümlə küfrə düşməyincə. Yenə oynayə şahin zülfiqari, Müti ola onun əmrinə vari. Gəl imdi bir dəxi söhbəti dinlə, Qulax dut bu sözün mə’nisin anlə. Edərsən mundan axır seyran onda,

Nə köşkü təxt yaparsan yə’ni munda? Yükün zülm isə arxandan buraxgil, Təfərrüc eyləyib didarə baxgil. İrəsən mənzilə oynayə, gülə Ki, şəklin bənzəyə gülşəndə gülə. Bu dünya möhnətin vəhdətə dəgşür, Özüni sidq ilə sən şaha dapşur. Həqi ərdən, əri mö’mindən istə – Budur pəndim sana şikəstə bəstə. Ərə yetən həqə yetər, yəqin bil. Əgər talib isən bu rəmzi bilgil. Bil ol can kim, həqiqət pirimizdir, Yolunda təslim ol, əmirimizdir. Əgərçi qətreyi sudan yaratdı, Vəli öz eşqini ona yar etdi. Bevəz’ullah, qılgil sən sücudi, Münəvvər eyləgil uş bu vücudi. Zəhi surət muni canlar göricək, Yanınca sürünür, olur salicək, Gərkdürür sana hər işdə tə’zim, Mələk adəmdən alur elmü tə’lim. Könül gözilə bax, didar görəsən, Necə bir sən dərü divar görəsən. Nə kim vardır bu surətdə göründi, Təcəlla şövqini munda gör indi. Ki, munda görmiyən can onda görməz, Qalur ol vəslini, cananə irməz. Bu vəchin təfsiri Tövratü İncil, Edərlər oni fürqan əhli tə’vil. Şəriət və təriqət yollarıdır, Ki, mə’rifət, həqiqət hallarıdır. Budur bu dört kitabın mə’nisi həm, Özün bilüb olsan yolda möhkəm. Yəqin əhli yanında yol birikdi Ki, münkirlər bu dərgahdan sürükdi. Mürid oldur ola əhli-iradət, Hər işdə var ala pirdən icazət.

Haram edə yuxusun dost aduna, Yana pərvanə tək eşqin oduna. Təriqi-övliya bir doğru yoldur, Yetər hər yetənə kənduni yoldur. Əgər olmaz isən bu yolda gerçək, Vilayət süfrəsindən sən əlin çək. Kərəm kani Əlidən, haşalillah, Xaçan öz çakərini edə gümrah? Mühibbi-şah olan möhnətdə qalmaz, Çıxar aydınlığa, zülmətdə qalmaz. Calanma dört yana, bağlan Əliyə, Ərənlər sərvəri, şahi-vəliyə. Mizan, tərazu, sorğu, həşrü məhşər, Əli əlindədir filcümlə yeksər. Keçirən ol siratül-müstəqimi Anın ümmətidir əzəl qədimi. Vilayət şəhrinin qədri Əlidir. Həqiqət bəhrinin dürri Əlidir. Yedi damu, səkiz cənnət nişani Xamusi səndədir anla bəyani. Vücudundan gedər damu sifatin, Yaman xudur birax əldən bəratin. Sifati-əhli-cənnət yaxşı xudur, Ki, xuyi yaxşı olan bəxtludur. Kəmal əhli ilə olgil müsahib Ki, ondan mə’rifət kəsb et əcaib. Özünbilməz ilə durma, oturma, Ömür zaye keçər, əqlin itirmə. Qoma şah damənini daim əldən, Yapış silsiləsinə canü dildən. Kimin ki, mə’ni içrə zati yoxdur, Çürükdür sözünün bünyadi yoxdur. Yəqin sidq aşiqin sərmayəsidir, Bu rəmzi bil ki, ol can ayəsidir. İman əhli isən, ey can, vəleykin, Ki, cismü canü dildə dutmagil kin. Budur sözüm sana, məndən əmanət,

Könül yıxma, vəli eylə imarət. Dəxi yoldaş ilə qonşunu gözlə, Ki, xəlqin eybini sən açma, gizlə. Yoldaş oldur rəhm edə yoldaşinə, Yoldaşın uğratmıya yol daşinə.1 Xamu fəzli-həqə oldu betovfiq, Ola taliblərə həq yolu təhqiq. Xamu əməldən əfzəldir bir insaf, Həqin öz evidir olsa könül saf. Həqin ol həqliği həqqi həqiçün, Ki, fəzli-zati-mütləqi həqiçün, Cəmali-pərtövi-şövqi həqiçün, Kəmali-qüdrəti-eşqi həqiçün. Kəmali-ismi-əsmasi həqiçün, Həm ol ismül-müsəmmasi həqiçün. Müsəlla, ərşü fərş naxış həqiçün, Həm ol gögdən enən yağış həqiçün, İmam Həsən şəhid canı həqiçün, Tökülən şah Hüseyn qanı həqiçün, Ənəlhəq söyləyən Mənsur həqiçün, Şəhidlər üstə düşən nur həqiçün, Ki, üçlər, yedilər, qırxlar həqiçün, Bu vala qövmi-sərməstlər həqiçün, Səfa əhli sufü safi həqiçün, Ənəllah əhli insafi həqiçün, Ki Rum abdalları sidqi həqiçün, Xorasan pirləri nitqi həqiçün, Nihan dərvişlərin sirri həqiçün, Bu yolda pirlərin sirri həqiçün, Aşiqlər atəşi-ahi həqiçün, Ki, təsbihi-səhərgahi həqiçün, Müdam çağırduğun ol şah həqiçün, Hacat qəbul olan dərgah həqiçün, Suçum bağışla şahi-Kərbəlayə, Qamu aşiqlərə şah övliyay, ____________ 1 Bu beyt ayrı ölçüdə yazılmışdır. Ola bilsin ki, artırmadır.

Qəbul et bu duayi, ya ilahi, Ki, sənsən cümlə aləm padşahi. Nə ərbabəm, nə zahid, xaki-payəm, Behəmdullah ki, dust eşq ilə bayəm. Ğənidir lütf iyəsi padşahim, Ümidgahim, şahım, püştü pənahim. Nəsihətnamə yazdım dərvişanə, Cəhanda olmaq içün bir nişanə. Təvəccəh qıl, təvəkkəltü ələllah, Qulaq çəkdim, dedim ərənlərə şah. Həqin fəzlinə bağlandıq əzəldən, Təmənnamız didardır ləmyəzəldən. Xətayi dərdməndəm bir kəminə, Ancaq hu dəniz şahın dəminə.

Lüğət: Fəzl – fəzilət – dəyər, üstünlük, bilik; Talib – tələb edən, istəyən; Təvəccöh – qayğı, rəğbət; Müqim – oturan, yaşayan; Təriq – yol, cığır; Təhəyyür – heyrətlənmək; Təbdil – dəyişdirmək; Şahbaz – tərlan, şahin; Xak – torpaq; Qaim – möhkəm, bərk; Kibr – məğrurluq, qürurluq; Yahu – ay Allah, ey bura bax; Layəzal – əbədi, həmişəlik; Yekta – yalnız, misilsiz; Həmta – bənzər, oxşar; Mübərra – xalis, saf, təmiz; Münəzzəh – günahsız, xatasız; Vəli – ancaq, lakin; Səddəq – düz demişdir, düzdür; Sərkar – başçı, böyük; Mar – ilan; Məzhər – təzahür, yetişmə; Küfr – inamsızlıq, kafirlik; Pənd – nəsihət; Payan – son; Gənc – xəzinə; Sitr – örtü, pərdə, utancaqlıq; Sirri – əf’al – işlərin sirri; Bəhr – dəniz; Bərr – çöl, səhra; Əsrük – sərxoş; Dürr – inci; Səbəq – dərs, yarışda mükafat; Nihan – gizli; Gəşt – gəzinti, gəzmə; Əndişə – fikir; Zinhar – saqın, aman; Səlavat – namaz, dua, dəfn günü oxunan münacat; Ümmət – kütlə, xalq; Damu – cəhənnəm; İxlas – sevgi, səmimiyyət; Münkir – inkar edən, danan; Məvali – sahiblər, hamilər, dostlar; Məal – məna, məfhum; Xülq – təbiət, xasiyyət; Müdam – davamlı, həmişə; Dəgmə – təsadüfi, hər yetən; Mürüvvət – mərdlik, insanlıq; Vallah – Allaha and olsun; Əqval – sözlər, danışıqlar; Təfərrüc – gəzinti, qəm-qüssəni dağıtma; Qətreyi – baran – yağış damcısı; Münəvvər – işıqlı; Didar – görüş, üz; Təcəlla – görünmə, üzə çıxma; Vəsl – qovuşmaq; Vəch – səbəb, üz; İradət – istək, dilək; Çakər – nökər; Gümrah – yoldan azmış; Filcümlə – sözün qısası, xülasə; Damən – ətək; Bünyad – özül, kök; Müsəlla – dua – yeri, mərasim yeri; Ənəlhəq – haq mənəm, gerçək mənəm; Qamu – hamı; Püşt – arxa, dal, geri; Kəminə – aciz, ən kiçik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.