Əsas məzmuna keç

Heca şeiri

Nənəmə

Zəlimxan Yaqub

1

Bir xala görmüşəm ana tərəfdən, Nənədən-babadan payım olmayıb. Çoxuna hörmətlə dayı desəm də, Mənim öz doğmaca dayım olmayıb.

Oğulsuz ömr edən yazıq nənəmin Həmişə qəlbindən qara qan gedib. Nəvə görməyə də vaxtı çatmayıb, Bu fani dünyadan nigaran gedib.

Oğuldan biryolluq kəsilib əli, Yetişə bilməyib qız nəvəsinə. Deməli, bir dünya itirmişəm mən, Hər nənə dünyasa öz nəvəsinə.

Aramla gəzirəm məzarıstanı, Torpaq camalını gizlədib onun. Yurdunu düzlədi, gözü doymadı, Dünya qəbrini də düzlədib onun.

Anam səni gəzər, səni haraylar, Ataya, qardaşa yetişməz əli. Bu gün-sabahlıqdır bacımın toyu, Ay nənə, həsrətin qırılsın beli.

Əvvəlin gəlmədi, axırın gəlib, Axmasın qəlbindən qara qan, nənə. Qızın qız köçürür, gəlin gətirir, Qalx bircə günlüyə məzardan, nənə.

Min qarı-boranı yaddan çıxardar, Üzünə xoş baxan bir çiçəkli yaz. Neyləyim, ay nənə, şair könlümün Səni oyatmağa hünəri çatmaz.

1973, 8 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.