Əsas məzmuna keç

Heca şeiri

Nənələr yaşayır nəvələr üçün

Zəlimxan Yaqub

1

Qocalmaq istəmir qoca dünyada, Qızı ərə gedir, oğlu ər olur. Əziz günlərini gətirir yada, Arzular könlündə bir şəhər olur. Qapını kəssə də ömrün axşamı, Can qoyur işıqlı bir səhər üçün. Çoxalır qəlbinin istəyi, kamı, Nənələr yaşayır nəvələr üçün.

Nağılı, dastanı dönür kitaba, Layla dodağında bərəkət tapır. Ağ gün inci kimi düzülür sapa, Saçının ağında bərəkət tapır. Birdimi, beşdimi arzunun adı, Uzadır ömrünü eh, nələr üçün?! Körpəlik, kövrəklik iki dünyadı, Nənələr yaşayır nəvələr üçün.

Ağız şirinliyi, könül şadlığı Mənim şöhrətimdi, səsimdi deyir. Bir qulaq dincliyi, can rahatlığı, Bir körpə gülüşü bəsimdi deyir. Güvənir həyatdan umacağına, Yaşamır nə sərvət, nə də zər üçün. Günəşi ensə də qürub çağına, Nənələr yaşayır nəvələr üçün.

Gəlin baxışından, oğul gözündən Xoş ilıq gözləyir, ülfət istəyir. Gələn əcəlin də çıxmır sözündən, Bir nəvə toyluğu möhlət istəyir. Əlləri çatmasa arzularına, Yır-yığış eləyir bir səfər üçün. Dönür dağ ömürlü zirvə qarına, Nənələr yaşayır nəvələr üçün.

1977, 7 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.