Nəfslə mərifət
Nəfs ilə mərifət girdi savaşa, Mərifət deyir: "Belə kar eyləməynən!". Nəfs deyir: "Baxma naqqal sözünə, Xeyrin gələn yerdə ar eyləməynən!".
- Günahkardı nə ki yoldan azan var, İki mələk - xeyir-şəri yazan var, Qiyamət var, qıl körpü var, qazan var, Rövşən yollarını tar eyləməynən!
- Zimistan çəkmişəm, yeni yaz olub, Üzüm gözəllərə payəndaz olub, Sözüm bəyənilib, işim saz olub, Sən Allah, siftəmi kor eyləməynən!
- Haqq bizə göndərib dəlili-ayət: Oruc tut, namaz qıl, eylə ibadət, Mehdi qoşununda olma xəcalət, Məhşərdə yerini nar eyləməynən!
- Ələsgərlə, lovğa-lovğa danışma, Belə sualları məndən soruşma. Nə xeyrimə, nə şərimə qarışma, Qarışsan, çıx, yeri dar eyləməynən!