Nədi
Kalvayı, fəhm elə, gör, Bu gələn insandı, nədi?! Ay qabaq şölə verir, Mehri-dirəxşandı, nədi?! Titrəşir var əndamı, Dərdlərə dərmandı, nədi?! Gözləri canım alır, Afəti-dövrandı, nədi?! Huridimi, pəridimi, Mələkdi, qılmandı, nədi?!
Göz gördü, könül sevdi Gözlərinin alasını; Gül görsə xəcil olar Yanağının lalasını; Getmə gözüm önündən Alım boyun bəlasını; Xəstə içsə dirili Ləbinin piyalasını; Şirəsi Abi-həyat, Şərbəti-Loğmandı, nədi?!
Dünya təbdil olubdu, Gözəl biilqar görünür; Açılıb mərmər sinə, Aləmə aşkar görünür; Örtməynən sən üstünü, Dünya mənə dar görünür; Qoynundu gülşən bağı, Bir cüt qoşa nar görünür; Ey Xudaya, sirr qaldım, Cənnəti-Rizvandı, nədi?!
Bu simi-zənəxdanın Mirvari xallarına bax! Bərq verir büllur buxaq, Savalanın qarına bax! Çarxı dönmüş fələyin Sən kəc irəftarına bax; Fəhm elə, diqqət ilə Özünə bax, yarına bax! Çəkilib dal-qaməti, Sərvi-xuramandı, nədi?!
Yeriyir yüz naz ilə Qabağımdan keçir zalım; Nə cahılı, nə ahılı Bir endirib seçir zalım; Ömrümün zəmisini Dəstələyib biçir zalım; Öldürür mən yazığı, Qəsdən qanım içir zalım; Qaşları cəllad olub, Kirpiyi peykandı, nədi?!
Görəni eşqə salır Oğrun baxan gözü bunun; Tutini bəndə vurur Şəhdi-şəkər sözü bunun; Alxatın almasına Bənzəyir ağ üzü bunun; Basılıb sinəm üstə Yanar-yanar közü bunun; Zülm olub mən fağıra, Qətlimə fərmandı, nədi?!
Həzarat, haqqa baxın, Qəlbdən ehsan eləyin; Mənim bu dərdi-dilimi Dostlara əyan eləyin; Aparın Ələsgəri Payında qurban eləyin; Bimürvət, bəlkə baxa, Deyə: "Bu qurbandı, nədi?!"