Nədəndir?
Durdu şair, səndən xəbər alım mən, Ötən peyğəmbərin yaşı nədəndir? Hökmi-Süleymanın yaşıl tütünü, Meracın qapısı, qaşı nədəndir?
Ol kimdir ki, yurddan köçdü, yeridi, Ol kimdir ki, dostun yeldən qorudu, Ol kimdir ki, eşqi-səhra yürüdü, Səmərdən əsası, peşi nədəndir?
Ol kimdir baqidə mübtəla qalan, Ol kimdir elinə talanlar salan, Qırx il hicran çəkib, saralıb-solan, Özünə gürz vuran kişi nədəndir?
Ol nə qardır, müdam yağar, əriməz, Ol nə dərya, müdam coşar yürüməz, Ol nə adam, su içində çürüməz, Axar gözlərinin yaşı nədəndir?
Ol nə ağac, altmış iki budağı, Qırx səkkiz gəz oxun on iki sadağı, Ol nə xandır, səkkiz imiş otağı, Otağın içinin aşı nədəndir?
Ol kimdir, baqidə bir rövşən göz var, Önündə mənası dörd min dörd yüz var, Atası əridir, aşiq bir qız var, Qoşulmaz hüriyə, daşı nədəndir?
Məxdumqulu deyər, yad elə bizi, Yeddidir qarası, ağdır səkkizi, Bir surətdə nədir, oldur doqquzu, Sərindəki əqli-huşu nədəndir.