Necə qaytarım
Günəşlə görüşüm toy-bayram olur, Bir nəğmə bəxş edir hər səhər mənə. Könlümə dünyanın sevinci dolur, Sirrini açanda nəğmələr mənə.
Açır bol əlini ana təbiət, Məndən əsirgəmir bu səadəti. Heyrət eləyirəm, Günəşə heyrət, Nə odu tükənir, nə səxavəti.
Şəfəqlər yolunu qəlbimdən salıb, Korluq çəkməmişəm güryan işıqdan. Şeirim qüvvət alıb, sözüm od alıb Göylərin bəzəyi, bu yaraşıqdan.
Ruhuma yad deyil nə yağış, nə qar, Günəşdir ən böyük dövlətim, varım. Torpağın borcunu qaytarmaq olar, Günəşin borcunu necə qaytarım?!
1978, 22 aprel