Əsas məzmuna keç

Müxəmməs

Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım

Məhəmməd Füzuli

1

Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım, Gəlin alayişi-qəmdən çıxalım, pak olalım, Nəş’eyi-mey tapalım, qabili-idrak olalım. Məstü mədhuşü xərabatiyü bibak olalım.

Rindlər bəzminə sərməst səbu tək giribən, Zövq bağinə girib, cam gülüni dəribən, Meyə derlərsə bəha əql mətain, veribən, Məstü mədhuşü xərabatiyü bibak olalım.

Paybəsti-meyi-safi olalım dürd misal, Verəlim saqiyə can, eyləyəlim kəsbi-həlal Nəş’ədən bilməyəlim aləmi-keyfiyyəti-hal, Məstü mədhuşü xərabatiyü bibak olalım.

Mey hübabı kimi meyxanədir bir ev tutuban, Iqdi-əngur kimi bir araya baş çatuban, Alsalar, din ilə dünyayi şərabə satuban, Məstü mədhuşü xərabatiyü bibak olalım.

Badədən qeyr ki, qəm dəf’inə bir cam yetər, Nəqdini nisyəyə hər kim verəcək olsa itər, Ey Füzuli, rəvişi-əhli-riyadən nə bitər? Məstü mədhuşü xərabatiyü bibak olalım.

Lüğət: Alayiş – ləkələmək, bulaşmaq; Səbu – cürdək, sovça; Bəha – parlaqlıq; işıq, gözəllik, qiymət; dəyər; Dürd – şərabın dibinə çökən torta, xılt; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Əngur – üzüm

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.