Necə barışdırım küsənləri mən?
Biri taleyindən, baxtından küsür, Biri zamanından, vaxtından küsür. Biri Allahının ögeyliyindən, Biri öz şahının taxtından küsür, Necə barışdırım küsənləri mən?
Biri boynundakı kəndirdən küsür, Biri qolundakı zəncirdən küsür. Birinin ürəyi şüşətək sınır, Biri bircə kəlmə təhqirdən küsür, Necə barışdırım küsənləri mən?
Göz qəmli, can üzgün, könül pərişan, Doğmayla barışmır yadla barışan. Şeytan öz işində, öz əməlində, Gülür qarışdıran, sınır qarışan, Necə barışdırım küsənləri mən?
Çırağı narazı, şamı narazı, Sarayı narazı, damı narazı. Bir razı qalana rast gəlmədim mən, Dağılmış dünyadan hamı narazı, Necə barışdırım küsənləri mən?
Ahım Ağrıdağın başına çatır, Gücüm gözlərimin yaşına çatır. Ömrüm altmışa çatır, ha çatır, Yaşım peyğəmbərin yaşına çatır, Necə barışdırım küsənləri mən?
Ozanı, dədəni, ulunu göstər, Bizi barışdıran qulunu göstər. Necə barışdıraq, necə barışaq, İlahi, gəl bizə özün kömək ol, Bizə barışmağın yolunu göstər, Necə barışdırım küsənləri mən? Necə barışdırım küsənləri mən?
2002, 3 aprel