Nə yaxşı zəng eylədin
Ölmüşdü ürəyimdə çal-çağır, toy, tamaşa, Solmuşdu gözlərimdə təbiət başdan-başa. Sapsarı duyğuları yamyaşıl rəng eylədin, Nə yaxşı zəng eylədin!
Kəsilməzdi soyuğu, əriməzdi buzluğu, Üzərdi ürəyimi həsrətin sonsuzluğu. Sükutla, ayrılıqla döyüşdün, cəng eylədin, Nə yaxşı zəng eylədin!
Qaytardı səsin məni cəhənnəmdən cənnətə, Dağlar da baş əyərmiş dağ boyda məhəbbətə. Ətirli nəfəsini əlvan çələng eylədin, Nə yaxşı zəng eylədin!
Gözlərimin önündən nələr keçdi, ah, nələr, Cilvələndi ruhumda tamaşalar, səhnələr. Cavanlaşdı qocalar, təzələndi könüllər, Sən bu qarı dünyanı qızdan qəşəng eylədin, Nə yaxşı zəng eylədin! Nə yaxşı zəng eylədin!
2002, 10 may