Nə yaxşı qiblə var
Dağ da namaz qılır, daş da, ağac da, Əyilir torpağa, ucalır göyə. Dilində dualar düzülür səfə, Tanrı dərgahına qovuşsun deyə.
Dağlar namaz qılır düzlərə sarı, Düzlər namaz qılır dağlara sarı. Şükür duasıdı öz Allahına, Çiçəyin, yarpağın pıçıltıları.
Canlı da, cansız da can atır göyə, Qüvvəti yerdədi, dayağı yerdə. Bütün inamların, əqidələrin Başı buluddadı, ayağı yerdə.
Fəsillər özü də namaz üstədi, Səcdədə həm qış var, həm yaz var, Allah. Çoxdan itirərdi dünya səmtini, Nə yaxşı qiblə var, namaz var, Allah.
2009, 30 iyul