Nə yaxşı
Nə yaxşı səhər var, açılır sabah, İşıq qaranlığın alır canını. Yenidən qaytarır dünyaya, Allah İnsanın yaşamaq həyəcanını.
Nə yaxşı gənclik var, ruhunda qanad, Gəlir qocalığın əvəzi kimi. Gümüş duyğuları dirildir həyat, Həzrəti-İsanın nəfəsi kimi.
Nə yaxşı ümid var, eşq var, arzu var, İnsanı həyata hazır saxlayır. Nə yaxşı qələm var, iti sehrkar, İtən tarixləri yazır, saxlayır.
Qara tikanlardan alsaq da zərbə, Nə yaxşı güllər var, al, yaşıl, sarı. Pislər pisliyindən əl çəkməsə də, Yaxşılar yaşadır yaxşılıqları.
2001, 10 dekabr