Əsas məzmuna keç

Qəsidə

Nə xoşdur əldə gülgun cam, başda eşq sevdasi

Məhəmməd Füzuli

1

Nə xoşdur əldə gülgun cam, başda eşq sevdasi, Könüldə vəsl zövqi, canda cananlar təmənnasi, Könül bir qaç zaman ənduhi-hicran ilə zar etmək, Yenə ümmid ilə ahəngi-bəzmi-vəsli-yar etmək.

Nə xoşdur ol müsafir kim, səfər əzmini cəzm eylər, Tutub rahi-təvəkkül mənzili-məqsudə əzm eylər. Bulub sudin səfərdən, kəsb edib sərmayeyi-işrət, Dönüb mülkinə hər mənzildə bir tədbiri-bəzm eylər. Fərəhnak öylə kim, bir nazənin şəhbazi-seydəfkən Alır seydin, olub xoşvəqtü xürrəm maili-məskən.

Nə xoşdur aşiyandan dəmbədəm şəhbaz pərvazi, Şikar üzrə həva tutmaqda olmaq çərx həmrazi. Urub minqar, açıb çəngal, tökmək seydlər qanın, Yetirmək kəbkü dürracü təzərvə şəhpər avazi.

Alandan sonra seydin şad meyli-aşiyan etmək, Nəçük kim, fəth edib mülki-Firəngi xosrövi-qazi. Səfavü zövq ilə meyli-nigaristani-Rum etmiş, Xilafət təxtini müstəqdəmi-feyzi-qüdum etmiş.

Zəhi sultani-rovşənrə’y, mülkarayi-dəryadil Ki, tövfiqi-zəfər iqbalə qılmış cövhərin qabil, Binayi-ehtimamından dəmadəm olmasa möhkəm, Tilismi-dini-Həq tüğyani-küfr ilə olur batil. Ülüvvi-iqtidarından peyapey bulmasa rövnəq, Olur nəqşi-səadət səfheyi-əyyamdan zail. Şəhi-dünyavü din Sultan Suleyman şahi adildil Rizasin saxlayan həm din, həm dünya qılır hasil. Həvadis dəf’inə aləmdə qadir padişah oldur, Pənah istərsə, aləm, Xosrovi-aləmpənah oldur.

Hərimi-Həq çiraği, səltənət şəm’i-şəbistani, Riyazi-ədl sərvi, övci-rəhmət mahi-tabani, Xilafətdə vilayət əhlinin himmətli sərdari, Vilayətdə xilafət təxtinin dövlətli sultani. Sekəndər təxtinin iqbal ilə məqbuli-Darasi, Süleyman mülkünün isbat ilə varisi-Süleymani. Məlazi-məmləkət, məmduhi-millət, məzhəri-rəhmət, Hər afət dəf’i, hər qəm çarəsi, hər dərd dərmani. Şəriət ziyvəri, din rövnəqi, islam ayini, Mürüvvət mənbəi, insaf dəryasi, kərəm kani Ki, hər kim hər dil ilə hər nə vəsfin qılsa, əfzundur, Ona bənzər şəhənşəh görməmiş ta dövr gərdundur.

Şahənşahi ki, gərdun dərgəhi-qədrinə çakərdir, Cəmii müddəasi feyzi-dövlətdən müyəssərdir. Nə fərman kim, qılırsa Həq rizasinə mütabiqdir, Nə yan kim əzm qılsa, bəxtinə tövfiq rəhbərdir.

Fəzayi-barigahi-ədlinin ə’yani-məqbuli Sərasər hər biri ədlinə bir pakizə məzhərdir. Müqəddəm cümlədən ol sərvəri-sahibsəadət kim, Əzəldən tinəti insafü ədl ilə müxəmmərdir.

Nizamül-izzü vəl-iqbal Sultan Veysi-rövşəndil Ki, darül-mülki-Rum ənvari-ədliylə münəvvərdir. Könül, vəqt oldu, ol qütbi-zəman dövründə izhar et, Nə məqsəd kim, zəmanlar batini-pakində müzmərdir. Ədalət tinətinin tərzini ol pak təndən sor, Nübüvvət xirqəsinin zövqini Veysül-Qərəndən sor.

Şəha, cənnət dilərdim, Həq müyəssər qıldı didarin, Umardım nuri-rəhmət, ruzi oldu şəm’i-rüxsarin. Muradım Kə’bə idi, tövfi-dərgahin nəsib oldu, Çəkərdim lə’l üçün həsrət, irişdi səm’ə göftarin. Qılırdım arizu Həqdən kilidi-məxzəni-məqsud, Göründü dideyi-ümmidimə dəsti-gühərbarin. Səfayi-təl’ətin məhv etdi könlümdən ələm nəqşin, Müalic oldu hazir, qalmadı təşvişi bimarin. Təriqi-izzü iqbali itirmişdim olub qafil, Məni qəflət yuxusundan oyatdı bəxti-bidarin. Nə taət əcridir, ya nə dua tə’siridir, ya Rəb Ki, mətlübi müyəssər oldu möhnətsiz tələbkarin? Füzuli hüsni-ətvarilə olmuş qürbünə mail, Budur tə’siri aləmdə həmişə hüsni-ətvarin. Səfayi-niyyət ilə yox dua qılmaqda təqsiri, Dua olsa riyasız, böylədir, əlbəttə, tə’siri.

Binayi-rif’ətin ta dövri-gərdün var, var olsun! Mədar etdikcə aləm, dövlətin aləmmədar olsun! Məqami-irtifai-qədrinə bimi-həvadisdən Həmişə dövləti-tövfiqi-həq hisni-həsar olsun!

Sərayi-himmətin kim, xəlqə salmış sayeyi-rəhmət, Əsası nüsrətü fəth ilə daim üstüvar olsun. Təmamiyi-ümurin hər cəhətdən mövcibi-təhsin, Cəmii-xidmətin mənzuri-eyni-e’tibar olsun! Sən olğıl ərcüməndi-mülk, düşmən qeydi-qəm çəksin, Sən olğıl sərbüləndi-dəhr, hasid xarü zar olsun! Fəzayi-büq’eyi-Bağdad ədlindən olub rövşən, Mizaci-pakinə abü həvasi sazikar olsun! Səriri-hökmi-bürci-övliya səndən bulub ziyvər, Səfadən hər güni novruzü hər fəsli bəhar olsun! Sənin vəsfinlə gün-gündən tapub rövnəq mənim nəzmim, Mənim nəzmimlə vəsfin virdi-əhli-ruzigar olsun! Zəban olduqca bir dəm getməsin zikrin zəbanimdən, Xəyali-xidmətin məhv etməsin Həq lövhi-canimdən.

* * *

Lüğət: Gülgun – gül rəngli, gülüzlü; Zar – sızıldayan, ağlar, zəif; Cəzm – qəti; Fərəhnak – şad; Seyd – ov, şikar; Xürrəm – şad, sevinc; Aşiyan – yuva; Həmraz – sirdaş; Minqar – dimdik; Qanı – hanı; Qazi – dini müharibə iştirakçısı; Dəryadil – geniş ürəkli, hövsələli; Qabil – qabiliyyətli, ağıllı; Peyapey – bir-birinin dalınca; Həvadis – hadisələr; Xosrov – padşah, hökmdar; Çiraği – məclisi-ğilmanü şəm’i-məhfilihur – qılmanlar məclisinin çırağı, hurilər yığıncağının şəmi D; Şəbistan – yataq otağı; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Mahi – taban – parlaq ay; Taban – parlaq; Əhli – raz – sirr əhli, sirdaş; Məzhər – bir şeyin zahid olduğu yer; Afət – bəla, gözəl; Dil – ürək; Gərdun – dönən; fələk; dünya; Gərd – toz; Çakər – nökər, qul; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Barigah – divan, saray; Müqəddəm – irəlicədən, əvvəlcədən; Sərvər – başçı; Darül – əman – sığınacaq yeri; Ənvar – işıqlı, parlaq; Müzmər – gizli; Nübüvvət – peyğəmbərlik; Didar – üz, camal, görüş; Ruzi – həşr – məhşər günü; Rüxsar – yanaq S; İrişdi – çatdı; Ariz – yanaq; Məxzən – xəzinə; Dəst – əl; Təriqi – hüda – hidayət yolu, doğru yol; Bidar – zülm, təcavüz; Hüsni – göftar – söz gözəlliyi X; İrtifa – ucalmaq; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Hisni – pənahində – pənah qalasında; Təhsin – tərifləmək; Mənzur – nəzər olunan, baxılan; Sərbülənd – başı uca; Dəhr – zaman, dünya, aləm; Rövşən – işıqlı, aydın; Mizaci – namiyyə – böyümək mizacı; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Zəban – dil; Dəm – qan; zaman; nəfəs; ah; söhbət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.