Nə xoş ki, vəcdə mənim xatirim olub mə’va
Nə xoş ki, vəcdə mənim xatirim olub mə’va, Bu fəzli-həqdir, edər həqq sevdiyinə əta.
Bu şövq ruhumu oxşar nəsimi-rəhmət tək, Tapar bu şövq ilə könlüm həmişə zövqü səfa.
Nə qəm, bu şövq ilə ölsəm? Bu şövq ilə ölənin Nəsibi şənlik olur, eşq onu edər ehya.
Verib də ruhumu, mən eşq zövqini aldım, Könül də verdi bu sevdayə sidq üzilə riza.
İlahi, saxla məni seyd edən maralı özün Ki, vurmasın mənə ox od nigardən başqa.
Hanı onun boyu tək sərv hüsn bağində? İlahi, qoyma bəla görsün ol qədi-rə’na.
Qədəm atanda, könüllərdə eşq cuşə gələr, Durarsa o, hərəkətdən qalar bütün dünya.
Sayılmasaydı onun xalı nüqteyi-mərkəz, Nizamə düşməz idi dövri-kainat əsla.
Həyat ləzzəti olsaydı vəslinə məxsus, Cahanda olmaz idi bir nəfər diri peyda.
Yəqin ki, Xizrin “ətəş” naləsi çıxardı göyə, O dilbər abi-həyatə olaydı gər səqqa.
Bu aləmi bəzəmişdir camalının nuri, Şüası gəh tutar afaqı, gah girər buluda.
Salıbdır heyrətə əql əhlini camalı ilə, Müdam pərdədədir, bəxş edər cahanə ziya.
Düşərsə zərrə qədər sübhə hüsnünün nuri, O gün səhər gecə olmaz, yəqin qaralmaz həva.
Çəkindirir o məni vəsli-yar meylindən Ki, düşməsin adı dildən-dilə bu aləm ara,
Nəsibim olmadı vəsli, gərək olam qane, Təcəssüm etsə xəyalımda ol mələksima.
Ümid ilə qəmə, dərdə, bəlayə səbr edirəm, Bu iztirabə könül tab eyləməz əmma.
Muradə səbr yoluyla mənim yetişməz əlim, Səbirsiz olsam əgər üstümə gülər ə’da.
Həbibim, eşqdən özgə işim, peşəm yoxdur, Təmam işlər onun qarşısındadır bica.
Könüldə hər nə qədər nəqş vardı, məhv etdim, Çəkəndə qəlbimə təsviri-eşqi dəsti-qəza.
Günahdır eşqdən özgə əməllərin hamısı, Eyib deyilmi, günah işləyib, olum rüsva?
Kədərlənir ürəyim tə’nələr eşitdikcə, Odur ki, dinləmirəm tə’ni, vermirəm mə’na.
Könüldə yer salıb eşqin silinməz asari, Əbəs edər mənə əhli-inad istehza.
Bu feyzi cəhl ilə inkar edənlərə nə deyim Ki, eşq bəxş qılıb qəlbə, ruhə, əqlə bəqa.
Məqamı, şə’ni uca bir Nəbini vəsf edərəm Ki, ərş fərşi olubdur, kəmalidir ə’la.
Kərimdir, kərəmü qədrinin budağında Tutub qərar fələk, yüksəlibdir ərşi-xuda.
Büraqinin nalı me’rac vaxtı nur saçdı, Qara at oldu ağ at, nura batdı ərzü səma.
Onun səxavəti, ehsanı bir dənizdir kim, Füzulini özünə mail etmiş ol dərya.
* * *
Lüğət: Əta – bəxşiş; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Seyd – ov, şikar; Nigar – şəkil; gözəl; Peyda – zahir, aşkar olmaq; Abi – rəvan – axar su, çay; Afaq – üfüqlər; Ara – bəzəyən; Tab – taqət; işıq; qıvrım; Əlim – bilik sahibi; Həbib – sevgili, dost; Dəst – əl; Əhli – raz – sirr əhli, sirdaş; Bəqa – həmişəlik; Kərim – səxavətli, kərəmli