Əsas məzmuna keç

Qoşma

Nə xeyri

Zəlimxan Yaqub

2

Yaxına gəl, nəfəsinlə qızınım, Gen dolanıb, yan durmağın nə xeyri. Mən ətəkdə, sən dağların başında, Ulduzları andırmağın nə xeyri.

Bir yuvanın həsrətiylə quş olub, Birdən-birə bir sevdaya tuş olub? Od olanı, qar-boranlı qış olub, Buz yerinə dondurmağın nə xeyri.

Dilsiz qalan duyğularla dil tapım, İnci gəzim, gövhər tapım, ləl tapım. Gecə yandır, qaranlığa yol tapım, Şamı gündüz yandırmağın nə xeyri.

Qartalsanmı, zirvələrə qonasan, Qayasanmı, dağ döşündə donasan. Zalım, sən ki bir yaşılbaş sonasan, Kövrək qəlbi sındırmağın nə xeyri.

Yad əlləri büksə məni yüz ağa, Kar eyləməz ruhumdakı sazağa. Nəfəsim ol, getmə məndən uzağa, Nəfəs getsə, can durmağın nə xeyri.

Bir ömürdə bir həyat var, bir ölüm, Sirr sevilmək, sirr yaşamaq, sirr ölüm. Heç olmasa gəl yuxuma gir, ölüm, Mən öləndə sən durmağın nə xeyri.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.