Əsas məzmuna keç

Qəsidə

Nə vaxtadək qoşa zülfün mənə qeydi-cəfa olsun

Məhəmməd Füzuli

1

Nə vaxtadək qoşa zülfün mənə qeydi-cəfa olsun, Nəsibim dərdü möhnət, məskənim dami-bəla olsun?

Anıb gəh ləblərini gözlərimdən qan edəm cari, Əyilsin kəc qaşın dərdilə gəh qəddim düta olsun?

Məni hər dəm qapından qovma, rüsvay etmə, ey dilbər, Mənəm divanə, qoy daim yerim darüşşəfa olsun.

Yoxumdur tab hicranə, budur arzum ki, aləmdə, Bu can ya olmasın, ya kim, səninlə daima olsun.

Rəhi-vəslində sanma acizəm, çün natəvanlıqdan, Varımdır qüdrətim kim, yoldaşım badi-səba olsun.

Həvani qoymaram çıxsın başımdan bir hübab tək mən, Məgər ol gündə kim, başim bu cismimdən cüda olsun.

Mənə kim, aşiqəm, eşqin əzabi eyni rahətdir, Könül istər ki, hər an həmdəmi cövrü cəfa olsun.

Məni öldürmə, qəm küncündə öz halimlə qoy, hicran, Yanım bir şəm’ kimi, daim yerim zülmətsəra olsun.

Sənin dərdindəki ləzzətlə müştaqi-dəva olsun. O səhhət bəxş edən dərdin bəlayi-bidəva olsun.

Bu yetməzmi ki, mən dərdindən öldüm, bilmədin halim? Rəvadırmı ki, məndən pərdədə ol məhliqa olsun?

Gözəllər eşqini tərk etmərəm ömrüm boyu, haşa, Mənim tək aşiq axir əhli-zöhdi-xudnüma olsun.

Tapılmaz zahidin rəsmində bir iz əqldən, dindən, Çətin ki, vaizin qövlində, fe’lində səfa olsun.

Rəvadırmı edəm səccadəni təzvirə bir alət? Və ya təsbih əlimdə aləti-məkrü riya olsun?

Deyil xoşhal könlüm varlığımdan, gizli qalmaqçın Məkanım xoş olar kim, vadiyi-fəqrü fəna olsun.

Gətirdi təngə nakəslər məni, arzum budur daim, Nə mən bir kəslə, nə bir kəs mənimlə aşina olsun.

Təməh hümmətlə çarpışmaqda istər kam ala məndən, O istər kim, vücudum xəznə üstə əjdəha olsun.

Fəqət hümmət məni istər görə dünyadə müstəğni, Təbiətcə o istər hər gəda bir padişah olsun.

Gəda tək ummaram pay süfrəsindən bir kəsin, əmma, Könül istər Əlinin asitanında gəda olsun.

Dilim varmaz Əlidən qeyri bir sultanı mədh etsin, Budur arzum ki, məmduhim Əliyyi-Murtəza olsun.

Deyil mümkün bu şahənşah vəsfini təmam etmək, Gərək ömrüm uzun, şamü səhər karım səna olsun.

Mənə xaliq o şərt ilə veribdir hüsni-göftarı Ki, mövla gülşənində bülbüli-dastansəra olsun.

Gəhi Əntər yıxan ol pənceyi-mövlani vəsf etsin, Gəhi Xeybər açan ol sərvərə mö’cüznüma olsun.

Gah alsın “innəma” bağındakı güllərdən ilhamı, Sapa inci düzərkən, dürcü bəhri-həl’əta olsun.

Silib ayineyi – “laseyf”dən əşkimlə gəh jəngi. Gəh ayinəmdə əksi-nuri-feyzi-“lafəta” olsun.

Açılmış qönçə tək ağzım sənaye-şahi-mərdanə, Rəvadır, hər sözüm badi-səba tək dilgüşa olsun.

Könül yer tapdı bir qul tək o şahın asitanında, Vəfa əhli səfində var, yeri kani-vəfa olsun.

Ayağı türbəsindən feyz tapdım, söyləyin Xizrə Ki, hazırdır könül abi-həyatə rəhnüma olsun.

Onu az sevmirəm mən Malikü Əmmarü Buzərdən, Məhəbbət məndə, layiqmi o qullar pişva olsun?

Budur arzum, yolunda, ey mənim şəfqətli sultanım, Könül yoldan azıb xövf etməsin, əhli-rica olsun?

Kifayətdir, olarsa məskənim aləmdə dərgahın, Riza vermə o dərgəhdən bu qul bir an cüda olsun.

Nə yaxşı, nə yaman gündə ümidim kəsmərəm səndən, Hanı səndən səvay bir şah kim, səhibəta olsun.

Budur arzum, əqidəm ki, cahan durduqca, ya mövla, Sənə tabe olum, ismin mənə fərmanrəva olsun.

Əyim baş qul kimi ehkamının cəbrinə, kəsrinə, Hər əmrü nəhyinə fərmanının əhdim riza olsun.

Əgər zövqü səfa sürsəm, deyim asari-lütfündür, Olarsam qəhrinə layiq işim ahü nəva olsun.

Nə acizlik dəmində çərx əlindən incisin könlüm, Nə də xoşhalü şad odunda mədyuni-qəza olsun.

Məni aləmdə sultan etsələr şad olmaram əsla, Bu can istər ki, dərgahında bir kəmtər gəda olsun.

Qapında qullarınla həmdəm olsam, istəməzdim mən Mələklər həmdəmim, sərmənzilim ərşi-xuda olsun.

Mənim könlümdə daim bircə arzu vardır, ey şahim Ki, hər bir mətləbim aləmdə lütfünlə rəva olsun.

Nəcəf dəryasının bir dalğasıyla feyziyab olsam, Əsər qalmaz tənimdə hər qədər rənci-xəta olsun.

Gedib seyrə dalım gəh Mustafanın cilvəgahında, Ziyarətgahım hərdəm rövzeyi-Xeyrənnisa olsun.

Ziyarət eyləyim gahi Həsən qəbrini sidq ilə, Könül gəh qasidi-dərgahi-şahi-Kərbəla olsun.

Əli Zeynül-Ibadü Bağirü Sadiq səfasındən, Məqamım yüksəlib, can layiqi-qürbi-xuda olsun.

Alım Bağdad şəhərindən səfayi-ətri-Musanı, Xorasanda nəsibim rövzeyi-paki-Rza olsun.

Təqinin, həm Nəqinin pay alıb, xani-səxasındən, Nəsibim asitani-Əsgəridə həm səxa olsun.

Ədalət bayrağı qaldırsa Mehdi bu cahan içrə, O bayraq sayəsində məskənim sübhü məsa olsun.

Ilahi, sərfəraz eylə məni, daim, Füzuli tək Ki, ruzimin kəfili əhli-beyti-Murtəza olsun.

Əzəl gündə nəsibim oldu feyzi şahi-mərdanın, Necə başlandı, qıl imdad ki, eylə intəha olsun.

* * *

Lüğət: Düta – iki qat, bükülmüş; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Tab – taqət; işıq; qıvrım; Can – ruh, bədən; Əhli – raz – sirr əhli, sirdaş; Əlim – bilik sahibi; Vadiyi – ğəm – qəm səhrası; Dili – tirə – qaranlıq könül, tutqun könül; Hüsni – göftar – söz gözəlliyi X; Dürc – sandıqça; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Əta – bəxşiş; Abi – rəvan – axar su, çay; Rəhnüma – yol göstərən; Mədyun – borclu; Kəmtər – daha az, əskik; aciz, etibarsız; Rənc – zəhmət, ağrı, əziyyət; Qürb – yaxınlıq; Məsa – gecə; Kəfi – təzərrö’i-dərya dər damənisəhra – dəryanın xahiş əli səhranın ətəyindədir; Beyt – ev; şerin iki misrası

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.