Nə var durulmağa, təzələnməyə
Elə ki söykəndin məğrur bir dağa, Qoşuldun bulağın, çayın səsinə, Bu səsdən götürüb öz ahəngini, Dodaq ki başladı zümzüməsinə, Baxdıqca doymadı gözlər, könüllər, Sular göz yaşından duru göründü. Kəklikli qayada, xınalı daşda, Ana təbiətin nuru göründü. Zərif duyğuların tutub yükünü, Ürək ki başladı məzələnməyə, Duyub bu dünyanın təravətini, Nə var durulmağa, təzələnməyə!
Durasan yerindən dan sökülməmiş, Oylağın çiçəkli ətəklər ola. Boyun görünməyə güllər içində, Ruhunu tərpədən küləklər ola. Meh başa toxuna, şeh də ayağa, Yerdən də, göydən də xoş üz görəsən, Çəmən dalğalana bir dəniz kimi. Gah dərə görəsən, gah düz görəsən, Açıla, saçıla xoş düşüncələr. Yumaqtək başlaya çözələnməyə, Göldə güzgülənib, yeldə daranıb, Nə var durulmağa, təzələnməyə!
Zirvələr qoynundan baxıb dünyaya, Günəşə bir az da yaxın olanda, Dəli sellər kimi coşub-çağlayıb Sözdən ürəyində axın olanda, Qolların qucanda qoca dağları, Xəyal qanadlanıb quşa dönəndə, Həsrətin, kədərin əriyib gedib, Sevincin gözündə yaşa dönəndə, Sevgidən sinəndə ocaq çatılıb, Başlasa dilindən söz ələnməyə, Düşüb axarına kövrək hisslərin, Nə var durulmağa, təzələnməyə!
Böyük məhəbbətin, böyük hisslərin, Dilsiz qayaları dilləndirirsə, Nurlu baxışların, odlu gözlərin, Qara bir daşı da gülləndirirsə, Yığılıb başına ellər, obalar, “Şirin nəğmələrdən oxu” deyirsə, “Ucalıq taxtına sözlə çıxmışam, Sözdədir gücümün çoxu” deyirsə, Duyğular sinəni deşib, dağıdıb, Bir fürsət gəzirsə söz ələnməyə, İlhamlı çağların oduna düşüb, Nə var durulmağa, təzələnməyə!