Nə qorxu
Bahar buluduyam, yaz yağışıyam, Duyğular coşanda sellənəsiyəm. Dərədə çay ollam, dağda şəlalə, Sonalar eşqinə göllənəsiyəm.
Hər gələn səhərim bir yeni bəstə, Əritdim ömrümü nəğmədə, səsdə. Hər sözüm qonanda dodaqlar üstə, Ürəkdən gül açıb güllənəsiyəm.
Tanrı kəfən biçsə buluddan mənə, Torpaq hasar çəksə sükutdan mənə, Nə qorxu ölümdən, tabutdan mənə, Mən ki zaman-zaman dillənəsiyəm.