Əsas məzmuna keç

Qəsidə

Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil

Məhəmməd Füzuli

2

Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil, Bu müşkildir ki, mövcud olmaya bir hakimi-adil.

Nə dərdi-dil ki, üz göstərsə dövrandan degil möhnət, Budur möhnət ki, şərhin qılmağa olmaya əhli-dil.

Mərizin olsa min dərdi, bu dərd onlardan əfsundur Ki, təşxisinə olmaya təbibi-haziqü kamil.

Bəladır kim, dili-aşiq kimi viran ola kişvər, Ola ol haldən hakim olan məhbubvəş qafil.

Həvayi-nəfsə tabe ola əhli-mülkdən fariq, Qılıb üşşaqinin tərkin, rəqibinə ola mail.

Binayi-xaneyi-rəhmət mürur ilən olub viran, Tilismi-nəzmi-cəm’iyyət ola tədric ilə batil.

Nə xoşdur əhli-aləm rəğbətiçün ola hakimdə Rüxi-rəxşan, ləbi-xəndan, dili-dana, kəfi-bazil.

Müdavayi-qülubi-münqəbiz bir dərddir mühlik, Mülaqati-müluki-tündxu bir zəhrdir qatil.

Nə ümmid ilə surət bağlasın izharə şərhi-qəm, Cəvabi-təlxdən yeyrək bilir hirmanını sail.

Nişani-hüsni-tale’ bu yetər Bağdadə kim, hərgiz Ona rahət mülaqatında yox bir mane’ü hail.

Bihəmdillah səlahi-dövlət içün məsnədi-rif’ət, Bu gün bir qütbi-sahibədlü saibrə’yədir mənzil.

Sipehri-dövlətü iqbal, mülkarayi-Cə’fər bəg Ki, yeksandır onun ədlinə hökmi-alivü safil.

Zəhi adil ki, dövranında dehqan tirə toprağə Buraxsa daneyi-cov, xuşeyi-pərvin qılır hasil.

Fələk tə’siri-iqbalından istər qüvvəti-tale’ Kim, olmuş bəhr məhsulinə, kan ədrarına amil.

Ümuri-xeyri ehsan buldu əyyamında min rövnəq, Ədalət mültəzəmdir ol ümurə, mərhəmət kafil.

Hesabi-mücməli-övsafidir bir pak dəftər kim, Cahanın xeyri-məhsulu onun cəm’inədir daxil.

Zəmanında zəman əhlinə hərgiz çəkməmiş katib, Hesab olduqda qeyri-izzü rif’ət baqivü fazil.

Sərəfraza, nəvali-ne’mətü idrari-ehsanın, Cəmi’i-mülkədir cari, cəmi’i-xəlqədir şamil.

Təvəccöh qıl, məlalət çəkmə, ikrah etmə kim, Həqdən Bir ayətdir nizami-mülkü millət şə’ninə nazil.

Əgər hökm etsə hüsni-tale’in, baran olub lö’lö, Sənə minnətsiz eylər əbrü dərya hasilin vasil.

Sənə nisbət bu rütbə rütbeyi-məzmumdur, əmma Nə çarə, ziynəti-əyyamə sənsən cövhəri-qabil.

Ədalət səndə bulmuşdur, sənə möhtacdır kişvər, Gühər ümmidi birlə daməni-dərya dutar sahil.

Şəha, gər olmasaydı lütfü idrakın təqazası, Füzulinin qalırdı karigahi-sən’əti batil.

Sənayi-izzü iqbalın dilər əlbəttə bir madeh, Zühuri-lütfü ehsanın dilər əlbəttə bir sail.

Ümidim var kim, ta nurü zülmət ola aləmdə, Cahandan sayeyi-cahü cəlalın olmaya zail.

* * *

Lüğət: Əsbabi – müstəar – müvəqqəti ləvazimat; Dil – ürək; Əhli – raz – sirr əhli, sirdaş; Mərizi – arizeyi-nəqsdir nüfus tamam – hamı nöqsan bəlasının xəstəsidir; Haziq – təbib – məharətli, ustad təbib; Dili – tirə – qaranlıq könül, tutqun könül; Kişvər – ölkə, məmləkət; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Rüxi – zərd – sarı üz; Rəxşan – işıqlı, parlaq; Ləbi – meygun – qırmızı dodaq; Xəndan – gülən; açılmış; Dana – alim, bilici; Kəfi – təzərrö’i-dərya dər damənisəhra – dəryanın xahiş əli səhranın ətəyindədir; Mühlik – təhlükəli; Təlx – acı; Hirman – məhrumiyyət; Hüsni – göftar – söz gözəlliyi X; Hərgiz – heç zaman, əsla; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Sipehr – göy, səma; Tirə – qaranlıq; Pərvin – ulduz adıdır, ülkər; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Kan – mədən yeri; Övsafi – lətafət – gözəlliyin tərifi P; Təvəccöh – rəğbət göstərmək; İkrah – iyrənmək; Baran – yağış; Qabil – qabiliyyətli, ağıllı; Damən – ətək; Sənayi – rif’əti-iclalə oldular guya – cəlalın yüksəkliyinə tərif dedilər; Madeh – mədh edən, tərifləyən

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.