Nə gətirdin bu dünyaya?
Yazıq insan, dərdli başın nələr çəkdi bu dünyada, Ürək dözmür, nəfəs çatmır, hay-küydə baş-beyin getdi. Arzuların arxasınca qaçmaq oldu işin-peşən, Gözlərindən nurun getdi, dizlərindən heyin getdi. Göz açmamış göz yummaqdı son qismətin, son qazancın, Qəfil çaxan ildırımdan ömrün-günün yeyin getdi. Niyə gəldin bu varlığa, niyə getdin bu aləmdən? Nə gətirdin bu dünyaya, nəyin qaldı, nəyin getdi?!
2002, 5 aprel