Nə demişəm ki...
Qardaş, bal olsa da, dostun tərifi, Hələ bu torpağa nə demişəm ki... İlahi baxışı sevən ürəyə, Nəğməli dodağa nə demişəm ki...
Fikrin sərhədi yox, eşqin sahili, Dərələr bəmidir, zirvələr zili. Qələmdi Allahın danışan dili, Qələmə, varağa nə demişəm ki...
Yersizdir təkəbbür, yersizdir qürur, Mövzu var, yetimtək boynunu burur. Hələ yazılmamış kitablar durur, Bu şama, çırağa nə demişəm ki...
Əslindən uzaqdır əslini danan, Kökünə tapınar düşünən, qanan. UIu Borçalıda od tutub yanan, Mübarək ocağa nə demişəm ki...
Arzular muncuqtək düzülər səfə, Çatdırar ömrümü şana, şərəfə. Sanki, söz deyirəm birinci dəfə, Yaxına, uzağa nə demişəm ki...
Salsın sinəm üstən yolu çeşmələr, Eşq ilə doludur, dolu çeşmələr, Saflığa çağırır ulu çeşmələr, Çeşməyə, bulağa nə demişəm ki...
Ömür pay olmasın qara yellərə, Təzə vurulmuşam qızılgüllərə. Gərdənə tökülmüş qara tellərə, Yar gəzən oylağa nə demişəm ki...
Yetirdi özünü min ilin başı, Ömrüm bir əsrlə durdu yanaşı. Hələ çatılmasın şairin qaşı, Bu vaxta, bu çağa nə demişəm ki...
Fikrin qanadları gərilməlidir, Eşqin meyvələri dərilməlidir. Şair nəfəsiylə, şair sözüylə Ölmüş duyğular da dirilməlidir. Tanrıdan pay olan, Allahdan gələn O səsə-sorağa nə demişəm ki... Uzaq ulduzlara, ulu göylərə, Çiçəyə, yarpağa nə demişəm ki... Müqəddəs torpağa nə demişəm ki...
2000, 20 fevral